Şahin Mustafayev süni bahalaşmanın qarşısını necə alacaq?
Dekabrın 21-də qafqaznews.org saytında “İqtisadiyyat və Sənaye Nazirliyi iş adamlarına qiymət diktə edir” başlıqlı yazı dərc olunmuşdu.
Həmin məqalədə qeyd olunurdu ki, manatın “üzən rejim”ə keçməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankının qərarı milli valyutamızın dollara nisbətən xeyli ucuzlaşmasına səbəb olub.
Məlumata görə, Mərkəzi Bankın dekabrın 21-nə olan bülleteninə görə, ABŞ dollarının kursu 18 dekabr göstəriciləri ilə müqayisədə 47,63 faiz bahalaşaraq, 1,55 manata çatıb.
Məqalədə tanınmış iqtisadçı, deputat Vahid Əhmədovun fikirlərinə də yer verilmişdi. Onun sözlərinə görə, əgər neftin bir barelinin qiyməti 36 dollardan aşağı düşərsə, yeni devalvasiya dalğası qaçılmaz olacaq: “Bu ilin fevralında – ilk devalvasiya zamanı hökumət özəl biznesə nəyi hansı qiymətə satmalı olduğunu diktə etməyə çalışdı. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi də bəyan edir ki, qiymətlərin qalxmasına yol verməyəcək”.
Dekabrın 22-də Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, istehlak bazarında qiymətlərin süni artırılmasının qarşısının alınması üçün gərəkli tədbirlər görüləcək.
Şahin Mustafayev dövlətin süni qiymət artırımına qarşı mübarizədə bütün lazımi tədbirlər gördüyünü vurğulayıb.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov qafqaznews.org saytına açıqlamasında qeyd edib: “Azərbaycanda dərmanların qiymətləri bahalaşarkən, heç bir dövlət qurumu bu qiymətlərin ucuzlaşmasına nail ola bilmirdi. Bu, ancaq dövlət başçısının müdaxiləsindən sonra mümkün oldu”.
Ə.Bağırov İqtisadiyyat və Sənaye Nazirliyinin süni bahalaşmaya təsir edə biləcəyinə inanmadığını qeyd edib. Bu, ancaq dövlət başçısının müdaxiləsindən sonra mümkünür”, – deyə departament nümayəndəsi qeyd edib. Biz İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq və “süni bahalaşmaya qarşı tədbirlərin” hansı üsullar və vasitələrlə həyata keçiriləcəyini öyrənməyə çalışdıq. Təəssüfər olsun ki, bu istiqamətdə bütün cəhdlərimiz nəticəsiz qaldı…
1020 dəfə oxundu