Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı

Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər -
Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sülh prosesi uzanır. Qarşı tərəf prosesə maneə olan əngəlləri aradan qaldırmaqda maraqlı deyil. Sizcə, prosesin uzanması region üçün nə vəd edir?

- Faktiki olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Artıq iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya ilə əlaqədar ilkin razılaşmalar var. 18 km-lik sərhəd xəttində dəqiqləşmələr başa çatıb. Azərbaycan və Ermənistan tərəfindən baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi komissiya mütəmadi olaraq görüşür. Sözsüz ki, müzakirələr, danışıqlar bundan sonra davam etməlidir. Nəticədə sülh müqaviləsinin imzalanmasına nail olmaq lazımdır.

- “Sülh yoxdursa, müharibə təhlükəsi var” yanaşması öz aktuallığını saxlayır. Belə risklər varmı?

- 44 günlük müharibə nəticəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycana aid olduğunu bəyan edib. Əgər ölkələrin bir-birilərinə qarşı ərazi iddiası yoxdursa, delimitasiya və demarkasiya prosesi müəyyən müddət də davam edə bilər. Ona görə də, sülh sazişinin bağlanması, onun müddəalarının razılaşdırılması müəyyən zaman alacaq. Sülh sazişini sürətləndirmək naminə müharibəyə başlamaq nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğun deyil.

- Avropa İttifaqının Ermənistan ərazisindəki missiyasının mandatının uzadılmasına xidmət edəcək hərbi təxribatların baş verməsi ehtimalından danışılır. Yenidən gərginliyin yaranmasında bu amilləri necə dəyərləndirirsiniz?

- Bütün bu məsələlərə son qoymaq üçün sülh danışıqları intensiləşməlidir. İkitərəfli danışıqlara üstünlük vermək şərtilə sülh sazişinin bağlanmasına nail olmaq lazımdır. Nə qədər ki, sülh sazişi bağlanmayıb kənar qüvvələr öz maraqlarını ifadə etmək, seçicilərinin qarşısında siyasi dividentlər toplamaq, dövlətlərinin regionda təsir imkanlarını artırmaq üçün cəhdlərini davam etdirəcəklər.

- Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müəddəaların olması fonunda sülh necə mümkün ola bilər?

- Hələlik mümkün olan müddəalarla sazişin bağlanması ehtimalı var. Azərbaycan və Ermənistan parlamentində qərarların paraflanması və bu istiqamətdə danışıqların davam etdirilməsi mümkündür. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları anormal bir haldır. Bu anormallığın aradan qaldırılması üçün müəyyən addımlar atılmaldır. Beləliklə, Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir. Sözsüz ki, konstitusiya dəyişikliyi qısa zamanda həll edilən bir məsələ deyil. Nikol Paşinyan isə bu ilin sonuna kimi sülh sazişinin imzalanması imkanlarından danışır. Amma təbii ki, ilin sonuna kimi Ermənistan Konstitusiyasında dəyişiklik ediləcəyi gözlənilmir. Ona görə də, Paşinyanın açıqlaması yalnız deklorativ xarakter daşıyır. Ermənistan konstitusiyasında dəyişiklik edilmədən yalnız Ermənistan konstitusiya məhkəməsinin bu məsələ ilə əlaqədar verdiyi qərarı Azərbaycan tərəfi haqlı olaraq yetərli hesab etmir. Sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfi ya Ermənistan Konstitusiyasında olan bu maddənin çıxarılmasına, ya da bu müddəanın hökmən çıxarılacağına təminat verilməsinə nail olmalıdır.

- Ermənistan sülh sazişini imzalamaqdan yayınırsa, Azərbaycanın da buna ehtiyac duymadığı fikri önə çəkilir. Türkiyə ilə Ermənistan arasındakı indiki durum nümunə göstərilir. Bu nə dərəcədə məntiqli müqayisədir?

- Fərqli bir situasiya var. Türkiyə NATO üzvü olan regionun aparıcı güc mərkəzidir. Həmçinin Türkiyə güclü bir orduya malikdir. Belə olan halda Ermənistan Türkiyə üçün hər hansı bir təhlükə yaratmır. Kənar qüvvələr Türkiyə-Ermənistan münasibətlərinə, Azərbaycanla Ermənistan arasındakı proseslər qədər müdaxilə edə bilmir. Ona görə də, Azərbaycanla Ermənistan arasında sülh, yoxdursa, kommunikasiya xəttləri açılmayıbsa, etimadsızlıq mühitinə, müharibə ritorikasına son qoyulbayıbsa kənar qüvvələr regionda rollarını artırmaq üçün təsirlərini davam etdirəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...