Dünyasını dəyişən professor Misir Mərdanovun yeznəsi, məşhur polkovnikin qardaşı imiş

Dünyasını dəyişən professor Misir Mərdanovun yeznəsi, məşhur polkovnikin qardaşı imiş
Azərbaycan Texniki Universitetin Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Eldar Mehralı oğlu Qocayev ötən gün vəfat edib.

79 yaşlı Eldar Qocayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Modern.az saytına məlum olub ki, mərhum Eldar Qocayev məşhur polis polkovniki Nizami Qocayevin qardaşıdır.

Bundan başqa, mərhum Eldar Qocayev sabiq təhsil naziri Misir Mərdanovun həm bibisi oğlu, həm də yeznəsi imiş.

Məlumatı Misir Mərdanovun özü də təsdiqləyib:

“Eldarla mənim aramızda iki yaş fərq var idi. O, mənim bibim oğlu idi. Uşaqlıqdan, demək olar ki, bir ailədə böyümüşdük. Mən Bakı Dövlət Universitetinin birinci kursuna daxil olanda o, Fizika fakültəsinin üçüncü kursunda oxuyurdu. Birinci və ikinci kursda oxuduğum zaman onunla yataqxanada bir otaqda qalırdıq. Sonralar Eldar mənim bacım Suqra ilə ailə həyatı qurdu. Çox zəhmətkeş, işgüzar, səmimi, təvazökar, məsuliyyətli, yeri gələndə sözünü deyən bir insan idi.

Onu 2023-cü il martın 12-də əvvəlcədən özünün aldığı yerdə - Badamdar qəbiristanlığında dəfn etdik. Allah rəhmət eləsin”.

Xatırladaq ki, iki il öncə Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi vəzifəsindən təqaüdə göndərilən polkovnik Nizami Qocayev daha əvvəllər Daxili İşlər Nazirliyində İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb.

N.Qocayev elə DİN-də idarə rəisi işləyərkən - 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Onun həbsi sabiq baş prokuror Eldar Həsənov tərəfindən sanksiyalaşdırılmışdı.

Qocayevlər Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovun qohumları idilər. Məhz bu həbs Ələsgərovla Həsənov arasında ədavətə səbəb olmuşdu.

Nizami Qocayev məhkəmənin ona kəsdiyi cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub.

Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Bir müddət İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb. Ən son iş yeri Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi vəzifəsi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...