Bakıdakı “oğru ajiotajı” – DİN səbəbləri açıqladı
Son günlər mediada “gül satan oğru”, “parkinq xahiş edən oğru” və “su, işıq işçisi oğru” məlumatlarından sonra dünən “şagird oğrusu” da peyda olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 20 saylı məktəbdə və Xətai rayonund ayerləşən uşaq baxçasında adam oğurluğuna cəhd edən iki nəfər saxlanılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, əlsində, paytaxtda iki belə halla bağlı anlaşılmazlıq olub: “20 saylı məktəbin Yasamal rayonunda yerləşən korpusunda bir nəfər yaxınlaşıb və mühafəçi onu məktəbə buraxmadığı üçün mübahisə ediblər. Bu zaman məktəbdə işləyən müəllimələrdən biri 102 xidmətinə zəng edərək məlumat verib və bildirib ki, həmin şəxs uşaq oğurlamaq üçün gəlib.
Dərhal polis əməkdaşları məktəbə gediblər və mühafizəçi ilə məktəbə daxil olmağa çalışan şəxs polis bölməsinə gətirilib. İzahatları alınıb və aydın olub ki, həmin şəxs məktəbin yaxılığında yaşayır. Məktəbin şagirdləri onun həyətini zibillədikləri üçün o direktorla görüşüb şikayət etmək istəyib. Həmin vətəndaş deyib ki, şagirdlərə bir daha belə bir hərəkət etməmələri barədə tapşırıq verilsin. Lakin mühafizəçinin onu məktəbə buraxmaması və direktorla görüşməsinə maneə olduğu üçün aralarında mübahidə düşüb. Müəllimə də bunu səhv anlayıb. Sonradan məsələ tam aydın olub və hər iki şəxs sərbəst buraxılıb”.
DİN sözçüsü deyib ki, uşaq oğurluğuna cəhd olması barədə yayılan digər məlumatın araşdırıması zamanı müəyyən edilib ki, uşaq baxçasında baş verən bu olay da sadəcə anlaşılmazlıq yaradıb: “Həmin ərazidə əkiz uşaqlarını baxçaya qoyan valideyn bir yaxınına zəng edərək uşaqları ordan götürməsini xahiş edib. Valideynin qohumu olan qadın baxçaya gəlib və “əkizləri götürəcəyəm” deyib. Baxçada olan əkiz uşaqları qadına təhvil verəndə aydın olub ki, onun götürəcəyi əkizlər bu əkizlər deyil.
Bu zaman orada tərbiyəçilər ondan şübhələniblər və müəyyən qədər mübahisə yaranıb. Bu barədə 102 xidmətinə məlumat verilib və polis əməkdaşları dərhal həmin baxçaya gediblər. Araşdırma zamanı müəyyən edilib ki, həmin qadın həqiqətən də əkiz uşaq götürülməsi barədə valideyndən tapşırıq alıb. Lakin onun götürməli olduğu əkizlər bu baxçada deyil, yaxınlıqdakı digər baxçadadır. Sadəcə o qadın baxçaları səhv salıb. Bununla da hər iki məsələ aydınlaşıb.
Vətəndaşlardan və mediadan xahiş edirik ki, məlumatı dəqiqləşdirmədən yaymasınlar. Daxili İşlər Nazirliyi ölkədəki kriminogen duruma tam nəzarət edir və vətəndaşların qorxmasına heç bir əsas yoxdur”.
1191 dəfə oxundu