Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə – Şahidlər ifadə verdi

  Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə –
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə zərərçəkmiş Fazil Mustafa məhkəməyə ərizə ilə müraciət edib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində verdiyi ifadəni təsdiq edib.
Hakimlər yerində müşaviri edərək ərizəni iş üzrə sənədlərə əlavə ediblər.
Daha sonra iş üzrə növbəti şahidlər ifadə verib. İş üzrə şahid kimi Xəyyam Musayev ifadə verib. O, hazırda dustaq olduğunu bildirib:
“Təqsirləndirilən şəxslərdən sadəcə Rəşadı tanıyıram. Uşaq vaxtından birlikdə böyümüşük. Bir gün Rəşad mənə saxlamağım üçün tapança gətirdi. Dedi saxla gəlib götürəcəm. Mən də sonradan silahı satmaqla bağlı Elşən adlı şəxslə 1500 manata razılaşdım. O mənə 800 manat pul verdi. Keçən ilin may ayında mən də saxlanıldım. Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə hökm oxunub. Hökmə görə 4 il azadlıqdan məhrum edilmişəm”.
Daha sonra iş üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları ifadə verib. Onlar hər ikisi təqsirləndirilən Rəşad Əhmədov barəsində əməliyyat məlumatı olduğunu deyib. R. Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. Onlar deyib ki, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı metamfetamin (kokos) aşkar edilib.
Daha hakim Elnur Nuriyev iş üzrə iki şahidin qaldığını deyib. Bir şahidin gələn proses gələcəyini deyib. Digər şahid Tünzalə Kərimovanın ifadəsi elan edilib. O, istintaqa yaşadığı evdə olarkən bir neçə dəfə güllə səsi eşitdiyini deyib.
Növbəti məhkəmə prosesi aprelin 5-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...