“Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqunu qətlə yetirənlər həbs olunub

“Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqunu qətlə yetirənlər həbs olunub


Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin üstü “isti izlər”lə açılıb. APA-nın xəbərinə görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına bildirilir ki, yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub.

Daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü ( zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq ) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutularaq istintaqa cəlb ediliblər. Müəyyən edilib ki, qeyd edilən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 07 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu qəsdən öldürüblər.

Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pul vəsaitini, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər. E. Həsənov, M. Hüseynova və M. Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...