MTN əməliyyat keçirdi: 9 narkobaron tutuldu

MTN əməliyyat keçirdi:

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 32 kiloqram 800 qramdan artıq narkotik vasitənin daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulub.

Bu barədə MTN-in İctimai Əlaqələr İdarəsi məlumat verib.

Məlumata görə, İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Abbasov Qabil Bəhram oğlu saxlanılıb.

Keçirilmiş baxış zamanı onun idarə etdiyi avtomobilin yük yerindən 220 qram heroin, 1 kiloqram 700 qram tiryək, 4 kiloqram 337 qram həşiş qətranı və 7 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu saxlanılıb. Baxış zamanı onlardan 9 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni İran İslam Respublikası istiqamətindən qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun Məlikqasımlı kəndinin ərazisinə gətiriblər.

MTN-in daha bir əməliyyat-axtarış tədbiri nəticəsində İran-Azərbaycan marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu və Nəcəfov Anar Himayət oğlu saxlanılıb. Keçirilən baxış nəticəsində onlardan 4 kiloqrama yaxın tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşı Məlikov Vurğun Nazim oğlu saxlanılıb. Ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb.

Abbasov Qabil Bəhram oğlu, Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu, Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu, Nəcəfov Anar Himayət oğlu və Məlikov Vurğun Nazim oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...