Gülər Əhmədovanın şikayəti üzrə məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, iclasda vəkil Adəm Məmmədov çıxış edib. O bildirib ki, Gülər Əhmədova bir çox xəstəlikdən əziyyət çəkir: "Gülər Əhmədova 2003-cü ildə Moskvada onkoloji mərkəzdə əməliyyat olunub. Daha sonra bir neçə müalicə mərkəzində müalicə olunub".
Hakim Həsən Əhmədov bildirib ki, ərizədə Almaniyada əməliyyat olunması məsələsi qoyulub, onun Azərbaycanda müalicə olunmamasının səbəbini soruşub. G. Əhmədova isə bildirib ki, o, talassemiya xəstəliyindən əziyyət çəkir: "Burda məni əməliyyat edə bilmirlər. Çünki qan dayanmır. Deputat olanda mütəmadi olaraq gedib-gəlirdim və heç kimə də məruzə etmirdim ki, xəstəyəm".
Prokuror isə şikayətin təmin olunmamasını istəyib. Məhkəmə müşavirəyə gedib. Günün ikinci yarısında qərar elan ediləcək.
Qeyd edək ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət verib. Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verib və o, azadlığa buraxılıb.
804 dəfə oxundu