İcra başçısı Xocalı köçkününü məhkəməyə verib

İcra başçısı Xocalı köçkününü məhkəməyə verib


Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonun Mahrızlı kəndində məskunlaşmış Xocalı köçkünü Mirzəliyev Emil Cəmil oğlunu məhkəməyə verib. O, iddia edir ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə barəsində yalan məlumatlar göndərməklə cavabdeh şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyib, ona mənəvi iztirablar yaşadıb.

İddia ərizəsində qeyd edilir: "E. Mirzəliyevin Prezidentə, ombudsmana, Milli Məclisin sədrinə, müdafiə və daxili işlər nazirlərinə və digər yuxarı orqanlarda işləyən vəzifəli şəxslərə yazdığı ərizələrində göstərilir ki, Ağdam Rayon İcra Hakimiyyətində özbaşınalıq, qanuna, dövlətə, vətəndaşa, şəhid ailələrinə etinasızlıq hökm sürür".

O, bununla həm yuxarı orqanlar qarşısında, həm də rəhbərlik etdiyi kollektiv arasında şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gəldiyini, barəsində mənfi rəy yarandığını və bununla mənəvi iztirablar keçirdiyini bildirib. İcra başçısı, barəsində yayılan məlumatların təkzib edilməsini və vurulmuş mənəvi zərərə görə cavabdehdən 5 min manat alınaraq Respublika Talassemiya Mərkəzinə və Silahlı Qüvvələrə Yardım Fonduna ödənilməsini tələb edir.

Bu barədə Sputnik-ə məluat verən E. Mirzəliyev bildirib ki, ərizəsində qeyd etdiyi, Ağdam rayonundakı özbaşınalıqlarla bağlı məlumatlar kütləvi informasiya vasitələrində dərc edilib və onların heç biri təkzib olunmayıb. O, "qanuna, dövlətə, vətəndaşa, şəhid ailələrinə etinasızlığı" isə özünə olan münasibətdə görür.

"İllərdir ki, yaşlı anam, həyat yoldaşım və azyaşlı uşağımla qəzalı və antisanitariya şəraitində olan tikilidə qalırıq. Bizim də bu ölkədə insan kimi yaşamaq, başqaları ilə bərabərlik hüququmuz var. Raqub Məmmədov bizi qəbul etmədiyindən, Ağdam RİH-ə göndərdiyimiz ərizələrə cavab almadığımızdan məcbur olub mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etmişik. Ərizələrimizdə göstərilən xüsusatların araşdırılacağını, gəlib yaşayış şəraitimizlə maraqlanılacağını gözlədiyimiz bir vaxtda bizə məhkəmədən bildiriş gəlib", — deyə köçkün bildirib.

Onun sözlərinə görə, iddia ərizəsi icra başçısının adından yazılsa da, onu müavini Zülfü Qasımov imzalayıb: "Təəccüb doğuran başqa bir məqam odur ki, iddia ərizəsi 1 avqustda imzalansa da, bundan 4 gün əvvəl- iyulun 26-da "Qaçqınkom"dan həyat yoldaşım Səma Mirzəliyevəyə göndərilən rəsmi cavabda, barəmizdə RİH başçısının məhkəməyə müraciət etdiyi bildirilib. "Qaçqınkom"dakılar münəccimdirmi ki, cənab Raqub Məmmədovun məhkəməyə müraciət edəcəyini əvvəlcədən biliblər?!".

Qeyd edək ki, iddia üzrə avqustun 16-na təyin edilən hazırlıq iclası, Ağdam rayon məhkəməsi hakiminin xəstə olması səbəbindən sentyabrın 6-na keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...