BMCMİ-nin şöbə rəisi Nardaran hadisələri ilə bağlı məhkəmədə ifadə verib

BMCMİ-nin şöbə rəisi Nardaran hadisələri ilə bağlı məhkəmədə ifadə verib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi şöbəsinin rəisi Elman Bayramov ifadə verib. Bildirib ki, hadisə baş verən gün idarədə müşavirə keçirilib. Müşavirədə Nardaranda həmin evdə əməliyyat keçirilməsinə qərar verilib: "Taleh Bağırovgilə kimsə məlumat vermişdi ki, polislər gələcək. Onlar orada pusqu qurmuşdular. Rəhmətə gedən polislər darvazadan girdilər. Sonra qumbara səsi eşitdik. Biz qumbara ilə silahlanmamışdıq. Talehi mən tutdum. O heç bir təzyiq göstərmədi".

Daha sonra prokurorlar ondan əməliyyatın keçirilməsinə hansı zərurətin olması, saxlanılan şəxslərə təzyiq göstərilib-göstərilməməsini soruşublar. Şahid bildirib ki, onlara kənddə silahların olması barədə məlumat verilib, əməliyyat buna görə keçirilib.

O, saxlanılan şəxslərə təzyiq edilmədiyini bildirib: "Orada pusqu qurulmuşdu.Kimsə onlara demişdi ki, polislər gələcək. Biz saat 12:45-də Nardaranda olduq və mövqe seçdik. Nardarana dəniz tərəfdən olan yolla getdik ki, camaat görməsin. Orada müəyyən etdik ki, Taleh içəridədir. Çünki əsas o idi. Biz onların pusquda durduqlarını bilmirdik. Orada kim silah tətbiq etməyibsə, ona qarşı zor tətbiq etməmişik".

Daha sonra o, bildirib ki, onlarda Taleh Bağırovun dövlətə qarşı çıxışlar etməsi, Nardaranda gizlənməsi və hər gün ətrafının genişlənməsi barədə məlumat olub.

Vəkillərin sualına cavab verən E. Bayramov hər hansı zərər çəkmədiyini də deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...