İŞİD-in tərkibində döyüşən daha iki azərbaycanlıya hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə İŞİD terror qruplaşmasının tərkibində döyüşməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs A.Mahmudov 14 il, E.Əsgər isə 12 il azadlıqdan məhrum edilib.
İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları ötən il Suriya və İraqda İŞİD-in tərkibində döyüşən azərbaycanlılardan ibarət qrupun üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlunu şübhəli şəxs qismində saxlayıblar.
Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Müəyyən edilib ki, E.Əsgərov və A.Mahmudov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
868 dəfə oxundu