Azərbaycanda saxta vizalar hazırlayan Pakistan vətəndaşları tutulub
Ötən ay Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 nəfər Pakistan İslam Respublikası və 2 nəfər İraq Respublikası vətəndaşları saxlanılıb.
DMX-dən APA-ya verilən məlumata görə, araşdırma zamanı Pakistan vətəndaşlarından Basil Ahmad Zeshanın və Wadvan Ahmadın 5 nəfər Pakistan İslam Respublikası vətəndaşına dələduzluq yolu ilə saxta vizaların düzəldilməsinə cəhd göstərdikləri məlum olub.
Azərbaycana ilk dəfə gələn, kompüter proqramlarının mütəxəssisi olan Basil Ahmad Zeshan saxta viza hazırlanması üçün öz həmvətəni, ölkədə qanunsuz məskunlaşan Wadvan Ahmaddan sifarişi alıb və vizaları Bakı Metropolitenin 28 May stansiyasının yaxınlığındakı internet klubda xüsusi proqram vasitəsilə hazırlayıb. Basil Ahmad Zeshan saxta vizaların hazırlanmasında Babar Shahzad adlı digər Pakistan vətəndaşına məxsus elektron vizanın məlumatlarını dəyişməklə istifadə edib.
Digər 7 nəfərin ölkə ərazisinə Pakistan İslam Respublikasının vətəndaşı Sana Ur Rahman tərəfindən aldadılaraq gətirildikləri məlum olub. S.U.Rahmanın 2015-ci il sentyabrın 19-da Azərbaycana daxil olduğu, ali təhsil müəssisəsində əyani təhsil əsasında özünə və ailə üzvlərinə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi alaraq ölkə ərazisində yaşayışını leqallaşdırdığı, Pakistan İslam Respublikası vətəndaşlarını işə düzəltmək vədləri ilə aldadaraq müəyyən məbləğdə vəsait qarşılığında ölkəmizə gətirilmələrini təşkil etdiyi müəyyən edilib. S.U.Rahman həmvətənlərini Bakı şəhərində kirayələdiyi müxtəlif ünvanlarda yerləşdirib.
Eyni zamanda S.U.Rahmanın digər Pakistan vətəndaşı Nabeel Anjumu özünün qanunsuz əməllərinə cəlb etdiyi, N.Anjumun Azərbaycana gətirilən Pakistan vətəndaşlarının qarşılanmasını, yerləşdirilməsini, həmçinin müxtəlif vədlərlə aldadaraq onların S.U Rahmana müraciət etmələrini təşkil etdiyi aşkar edilib. Eyni zamanda N.Anjumun bu il iyunun 25-də ölkə ərazisinə daxil olduğu və iyulun 26-dan isə respublikada qanunsuz yaşadığı məlum olub.
Saxlanılmış digər Pakistan vətəndaşları Shahzada Abu Bakar, Majid Ali, Arslan Ramzan, Adnan Athar, Muhammad Munir, Zahid İmran və Arshad Mahmoodun ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Bununla yanaşı, keçirilmiş tədbirlər zamanı saxlanılmış əcnəbilərdən İraq Respublikasının vətəndaşı Ahmed Mohammad Jarullah Mahmood 2015-ci il dekabrın 22-də ölkəyə turist bələdçisi qismində çalışmaq məqsədilə gəlib və İraq vətəndaşlarının Azərbaycana gətirilməsi, yerləşdirilməsi, bələdçilik və yola salınması xidmətini qeyri-rəsmi olaraq göstərib.
Ahmed Mohammad Jarullah Mahmoodun və saxlanılmış digər İraq vətəndaşı Mahmud Shakir Mahmud Ad-Dulaiminin viza müddətlərinin bitməsinə baxmayaraq şəxslər ölkə ərazisini tərk etməyib, qanunsuz miqrant olaraq ölkədə yaşamaqda davam ediblər.
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində DMX tərəfindən qeyd edilən əcnəbilər ifşa edilərək zərərsizləşdirilib.
Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
819 dəfə oxundu