"Dostluq" parkı ərazisində torpaq satmaqda təqsirləndirilənlərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror təqsirləndirilən Etibar Məmmədovun 11 il, Famil Quliyevin 10 il, Tərlan Hüseynovun isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.
Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanıb. Bundan sonra cinayət işi açılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları Tərlan Hüseynovu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.
Sentyabrın 16-da keçirilən məhkəmə prosesində Tərlan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb. O, məhkəmə zalında həbs edilib.
798 dəfə oxundu