Bakıda bir gündə 40 sərxoş sürücü müəyyən olunub
Oktyabrın 7-də Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) ərazi polis orqanları ilə birlikdə paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 2.000-dən çox əməkdaşı cəlb etməklə kompleks tədbirlər həyata keçirib.
Bu barədə BŞBPİ-dən məlumat verilib.
Nəticədə müxtəlif növ cinayət törətdiklərinə görə 4 nəfər tutulub, axtarışa elan olunmuş 29 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb. Eyni zamanda, küçə ticarəti ilə məşğul olduqlarına görə 225 vətəndaşın barəsində müvafiq tədbir görülüb, 53 nəfər avara və dilənçiliklə, 2 nəfər isə fahişəliklə məşğul olduqlarına görə saxlanılıb, pasport rejimi qaydalarını pozmuş 1.416 nəfər müəyyənləşdirilib. Xırda xuliqanlıq törətdiklərinə görə 31, antisanitariya qaydalarını pozduqlarına görə 74 nəfər, qanunsuz tikinti işləri aparan 2, reklam haqqında qanunvericiliyin tələblərini pozan 3, polisin qanuni tələblərinə qəsdən tabe olmayan 1 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülüb.
Bundan əlavə, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozmuş 1.565, onlardan kobud qayda pozuntusuna yol vermiş 223 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, o cümlədən çoxavazlı səs siqnalı, səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 68 nəqliyyat vasitəsi müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 192 nəqliyyat vasitəsi aşkar edilib. Həmçinin 1 avtoxuliqan saxlanılıb, avtomaşını sərxoş halda idarə edən 40, eləcə də dayanma-durma qaydalarını pozmuş 395 sürücü və yolu müəyyən olunmamış yerdən keçən 504 piyada barəsində tədbirlər görülüb.
Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, eləcə də hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.
845 dəfə oxundu