Azərbaycanda 1 milyon manata da ceyrana güllə atmaq olmaz

Azərbaycanda 1 milyon manata da ceyrana güllə atmaq olmaz


Azərbaycanda ceyranların 20-ci əsrin ikinci yarısından başlayaraq nəslinin kəsilməsi təhlükəsi yaransa da, son illərdə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onların sayında nəzərə çarpacaq artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən daxil olan xəbərdə bildirilir ki, 1960-cı ildə ölkədə cəmi 131 baş ceyran qeydə alınmışdı. Hazırda isə onların sayı 7 mini keçib. Eyni zamanda, ceyranların sayının nəzərəçarpacaq dərəcədə artması onların bütün tarixi arealını bərpa etmək imkanı yaradıb.

Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF-Ümumdünya Təbiəti Mühafizə Fondunun birgə səyləri nəticəsində son 6 il ərzində Şirvan Milli Parkı ərazisindən ümumilikdə 170 başa yaxın ceyran tutularaq Acınohur-Sarıca düzlərinə, Bozdağ silsiləsinə, Ağgöl və Qobustan yaylasına buraxılıb. Qonşu Gürcüstan Respublikasının faunasından tamamilə yoxa çıxmış bu növün bərpası məqsədilə Vaşlovani Milli Parkı ərazisinə də 2013-cü ildən etibarən 10 başdan ibarət ceyran sürüsü buraxılıb.

Nazirlik xəbərdarlıq edib ki, ceyranların sayının artması onların ovlanması üçün heç bir əsas vermir. Yəni ceyranın ovlanması istər mühafizə olunan ərazilərdə (qoruqlarda, Milli Parklarda), istərsə də ümumi statuslu ərazilərdə cinayət sayılır və heç bir şərtlə onların ovlanmasına icazə, lisenziya verilmir (hətta 1 milyon manata da). Əgər gələcəkdə ceyranlarla bağlı bütün layihələr uğurla başa çatarsa və onların sayı ərazilərin qidalandırma imkanlarını aşarsa, onda populyasiyanın sağlam qalması naminə say tənzimləyici tədbirlər görülə bilər. Hazırda ceyranların ciddi mühafizəsi və sayının artırılması istiqamətində aparılan işlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...