Hacı Məmmədov haradadır? - Rəsmi açıqlama

 Hacı Məmmədov haradadır? -


Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun “yoxa çıxması” ilə bağlı iddialara aydınlıq gətirib.

İftixar Qurbanov AzVision.az-a açıqlamasında bildirib ki, bu məlumatlar yalnışdır, hazırda Hacı Məmmədov müalicə alır.

“Hacı Məmmədov ağ ciyər xəstəliyi ilə əlaqədar müalicə olunur. Vəziyyəti stabildir. Onunla bağlı mətbuatda yayılan xəbərlər doğru deyil. Müalicə alan adam necə yox çıxa bilər ki? Müalicə mərhələli şəkildə aparılır. Müalicənin müddətini yalnız həkimlər müəyyənləşdirə bilər”,-deyə İftixar Qurbanov bildirib.

H.Məmmədov səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1036 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...