İş adamının intiharının sensasion detalları; şəriki onun ailəsini də intihara sövq edir
Özünü güllələyən biznesmen Bəxtiyar Məmmədovun anası: “Adil Ağayev oğlumun pullarını mənimsədi, axırda balam özünü öldürdü, indi də bizi borcla yükləmək istəyirlər”
2013-cü ildə borca görə intihar edən iş adamı Bəxtiyar Məmmədovun ailəsi daha bir problemlə üz-üzə qalıb. Redaksiyamıza müraciət edən mərhumun anası Şəfiqə Məmmədova bildirib ki, əvvəllər tikinti quraşdırma idarəsinin rəisi vəzifəsində işləyən Adil Ağayev heç bir əsası olmadan onlardan 200 min manat pul tələb edir:
“Bəxtiyar Məmmədov bizneslə məşğul idi. Təxminən 2010-cu ildə Adil Ağayevlə işbirliyi qurublar, alış-veriş ediblər. A. Ağayev bildirib ki, Bəxtiyarı yüksək vəzifəyə qoyacaq. Bunun üçün Bəxtiyar Məmmədovdan 1 milyon 500 min manat alıb. Daha sonra Bəxtiyar Adilin məsləhəti ilə Xırdalan qəsəbəsində bina tikməyə 1 milyon 350 min manat vəsait ayırır. Bəxtiyarın 450 min manat dəyərində torpaq sahəsi var idi və onu bilinməyən səbəbdən Adil Ağayevin adına keçirib. Çünki Adil özünü Bəxtiyara inandıra bilmişdi. Bəxtiyar onun hər sözünə inanırdı və borc alıb biznesə qoyurdu. Nəhayətdə isə pullarının şəriki tərəfindən yoxa çıxarıldığını başa düşüb”.
Mərhumun anası Şəfiqə Məmmədovanın sözlərinə görə, oğlu bundan sonra özünə qapanmağa başlayıb: “Ana kimi sevinirdim ki, oğlumun işləri alınır. Amma sonra gördüm ki, o, getdikcə geriləyir, 85 kilo çəkidən 60 kiloya qədər düşmüşdü. Özünə qapanırdı, dərdini heç kimə demirdi. 2013-cü ilin aprelin 10-da mənə zəng edib dedi ki, “ana, uşaqlardan muğayat ol, sən səbirlisən, onları 15 il saxlayarsan”. Əvvəl başa düşmədim. Sonra anladıq ki, özünə qəsd etmək istəyir. Özümüzü ona çatdırmağa çalışdıq, amma alınmadı. Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində avtomobilində özünü silahla vuraraq intihar etmişdi.
Yas mərasimi keçdikdən sonra Adil Ağayevin yanına gedib onun işləri, olub-qalan pulları haqda maraqlandım. Amma Adil məni birtəhər qarşıladı və oğlumun var-dövlətindən heç bir kəlmə də demədi. Çıxarkən isə bildirdi ki, “nə mənim ona, nə də onun mənə borcu yoxdur”. Axı bu necə ola bilərdi? Mənim oğlum biznesmen idi və bütün pullarını tikintiyə qoymuşdu. Aidiyyəti orqanlara müraciət etdik, bildirdilər ki, Adil Ağayevlə bağlı heç bir məsələ sübuta yetirilməyib. Daha sonra hər gün borclular gəlib pullarını tələb edirdilər. Məcbur qalıb qardaşının, bacısının, özünün evini satdıq.
İndi isə bu yaxınlarda bizə məhkəmədən bildiriş gəldi ki, Adil Ağayev Bəxtiyarın əmisi oğlu Elnur Məmmədovdan 200 min pul tələb edir, onun evinin satılmasını istəyir. Axı bu insan çox kasıb birisidir və onun evindən başqa heç nəyi yoxdur. Üstəlik, heç vaxt Elnur Məmmədov ondan borc pul almayıb. Məsələ belə olub ki, bir dəfə Bəxtiyar yanında işləyən əmisi oğluna zəng edib ki, gedib Adil Ağayevdən 200 min manat götürüb mənə çatdırarsan. O da mənim digər oğlumla birgə gedib pulu götürüb. Amma pul borc şəkildə götürülməyib, şərikli biznesə aid olan pul kimi Bəxtiyara çatmalı idi və Adil onu verib. Bu məsələdən neçə il keçib, Adil Bəxtiyarın əmisi oğlunu məhkəməyə verib ki, guya o, pulu borc alıbmış. Axı bu tam yalandır. Bunu məhkəmədə sübut edə bilmirik. Bəxtiyarın intiharından sonra onun pulları, var-dövləti itib batdı. Bu azmış kimi bütün borcluları ailəsinin üstünə göndərdilər. İndi də guya əmisi oğlunun borc aldığını sübuta yetirməyə, bu yolla pul əldə etməyə çalışırlar. Neyləyək, biz də Bəxtiyar kimi intihar edək? Bəxtiyardan mənimsədikləri pullar hesabına bizim başımıza oyun açırlar. Mətbuat vasitəsi ilə bütün aidiyyəti orqanlara səslənirəm, haqq-ədalətin bərpa olunmasında bizə köməklik göstərəsiz”.
Xatırladaq ki, 2013-cü ildə Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində Abşeron sakini, 1974-cü il təvəllüdlü Bəxtiyar Barat oğlu Məmmədov özünə məxsus “Audi Q7" markalı, 90 RA 353 dövlət nömrə nişanlı avtomobildə ”Vinçestr" markalı silahdan atəş açaraq özünü öldürüb. Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, sement biznesi ilə məşğul olan Bəxtiyar Məmmədov külli miqdarda borcu olduğuna görə özünü öldürüb. Bəxtiyar Məmmədovun intiharından sonra onun şəriki, tikinti quraşdırma idarəsinin rəisi vəzifəsində işləyən Adil Ağayev işindən qovulub.
Yazıda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
913 dəfə oxundu