Binəqədidə yaşayış binasının yanması nəticəsində dəyən ziyanın məbləği açıqlanıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.
Təqsirləndirilən Miryusif Mahmudov deyib ki, onun imzası ilə şirkətin idarəçiliyi ilə bağlı heç bir göstəriş verilməyib.
M. Mahmudovun vəkili İlhamə Həsənova poliuretan məhsullarının oda davamlığını sınaqdan keçirən ekspertlərin məhkəməyə şahid qismində dəvət edilməsini istəyib.
Məhkəmədə elan olunub ki, Binəqədidə binanın yanması nəticəsində ümumilikdə dəyən ziyan 2 milyon 951 min manat təşkil edir.
Proses davam edir.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
1079 dəfə oxundu