Talıbovlar inzivaya çəkilib: Bütün məclislərdən imtina ediblər, hətta qohumları da...

Talıbovlar inzivaya çəkilib:
Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinin üstündən 5 aydan çox vaxt keçməsinə baxmayaraq, onun və ailə üzvlərinin personasına olan maraq azalmayıb. Ayrı-ayrı vaxtlarda həm V. Talıbov, həm də övladları müxtəlif situasiyalarla gündəmə gəlir, sanki özlərini unutdurmamağa çalışırlar.

Yenisabah.az xatırladır ki, Talıbovlar ətrafında sonuncu ajiotaj bir neçə gün əvvəl Naxçıvan Ali Məclisinin sessiyası keçirildiyi vaxt baş vermişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olan Seymur Talıbov sessiyanın iclasına qatılmaq üçün parlamentin inzibati binasına gedərkən küçədə qarşılaşdığı adamlardan heç biri ona salam verməmişdi. Vaxtilə ata və oğul talıbovları görəndə qabaqlarına qaçan, hər fürsətdə lüzumsuz hörmət və ehtiram göstərən həmin insanların iri gövdəsi ilə ətrafdakı adamlardan seçilən S. Talıbovu “görməməsi” söz-söhbətə səbəb olmuşdu. Sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın olmuşdu ki, həmin şəxslərin bəziləri V. Talıbovdan pislik gördüyü üçün, bəziləri isə hazırda tutduqları vəzifəni qorumaq naminə S. Talıbovu görəndə üzlərini yana çeviriblər.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, V. Talıbov və yaxın ətrafından üz döndərən adamların siyahısı daha genişdir. Vəziyyət o həddə çatıb ki, uzaq qohumları, qonşuları, keçmiş iş yoldaşları, hətta həmkəndliləri də talıbovları özlərinin xeyir-şər məclisində görmək istəmirlər.

Naxçıvan Ali Məclisində yüksək vəzifə tutan şəxslərdən biri saytımıza bununla bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, qarşıdan Qurban bayramı və Məhərrəm ayı gəldiyi üçün Azərbaycanın hər yerinə olduğu kimi, indi Naxçıvanda da toy mövsümüdür. Naxçıvanlılar nişan aparır, övladlarına toy edir, vaxtaşırı şadyanalıq məclisləri düzəldilər. Maraqlısı isə odur ki, nəinki V. Talıbov, hətta ailə üzvləri, birinci dərəcəli qohumları belə bu məclislərdə gözə dəymir. Həmsöhbətimiz bunu həmin insanların V. Talıbovu və yaxın ətrafını öz məclislərində görmək istəməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, indi Naxçıvanda çox adam V. Talıbovla əlaqələrini danmağa çalışır.

“Bununla bağlı hər hansı bir tapşırıq və təlimat yoxdur. Vasif Talıbovla əlaqəsi olduğuna görə də heç kimi incitmirlər. Sadəcə, Talıbovların revanşa hazırlaşdığı barədə xəbərlər yerli məmurları ciddi narahat edir. Buna görə də onlar keçmiş “xan”la məsafə saxlamağa çalışırlar. Vasif Talıbov və ailə üzvlərinin xeyir-şər məclislərinə dəvət olunmaması da bununla bağlıdır”, – deyə mənbə bildirib.

Naxçıvan sakini bizimlə söhbət zamanı qeyd edib ki, əslində, V. Talıbov özü də bu cür məclislərə həvəs göstərmir. O, hətta Ali Məclisin sədri olanda da xeyir-şər məclislərində nadir hallarda gözə dəyirdi. Atasından fərqli olaraq, oğlanları, xüsusilə, Naxçıvanda yaşayan S. Talıbov yerli əhali tərəfindən əsl məclis adamı kimi tanınıb. Seymur atasının vəzifədə olduğu dövrdə qohumlarının, dostlarının, iş yoldaşlarının xeyir-şər məclislərində canla-başla iştirak edib. S. Talıbovun son bir neçə ayda heç bir toyda görünməməsi Talıbovların bu məclislərə dəvət olunmamasını sübut edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...