Həmişə olduğu kimi yenə "Böyükfırat"da müştəriləri aşağılayırlar - İDDİA

Həmişə olduğu kimi yenə "Böyükfırat"da müştəriləri aşağılayırlar -
Elmlər metrostansiyasının yaxınlığında yerləşən “Büyükfırat” restoranında müştərilərə qarşı hörmətsizlik edirlər.

Moderator.az-a daxil olan şikayət məktubunda Hüseyn Hüseynzadə adlı şəxs bu haqda bildirib. O deyir ki, 8 aprel tarixində restorana gedib və hörmətsiz münasibətlə qarşılaşdığı üçün oranı tərk edib.
“Axşam iftar vaxtı olduğu üçün bir çox restoranlarda öncədən yer rezerv etmək lazım gəlir. Elmlər metrostansiyasının yaxınlığında bir neçə restorana daxil olsam da, hamısının rezerv olunduğunu bildirib, iftar vaxtı fəaliyyət göstərəcəklərini bildirdilər. Nəhayət ki, dostumla birlikdə “Büyükfırat” restoranına gəldik. Dönə-dönə soruşdum ki, burada boş yer var? Heç bir yer rezerv deyil ki? Ofisiant əli ilə boş masaları göstərib dedi ki, “harada istəyirsinizsə əyləşin, rezerv deyil”. Az keçmədi ki, yeməkləri sifariş edərkən ofisiant yaxınlaşıb dedi ki, “sizin yarım saat vaxtınız var, bu yer rezerv olunub, xahiş edirik yarım saat ərzində buranı tərk edəsiniz”. Onlara xatırlatdım ki, restorana daxil olanda axı sizdən dönə-dönə soruşdum..? Bir ofisiant dedi ki, rezerv indi gəlib, digəri dedi ki, öncədən rezerv olunsa da yadımızdan çıxıb. Əlbəttə ki, bütün bunlar bəhanə idi. Görünür bizdən də pullu yaxud bizdən də sayca çox müştəri gələcəkdi.. İstehlakçı hüquqlarımızın pozulduğunu dərk etsək də məyus halda restoranı tərk etdik” deyə şikayətçi bildirib.

Mövzu ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov bildirib ki, bu problemlərə bir çox restoranlarda rast gəlmək mümkündür.
“Çox təəssüflər olsun ki, restoranlar üçün heç bir qaydalar yoxdur. Nazirlər Kabinetinin 94 saylı qərarı var. Yəni menyuların olması məsələsi, Azərbaycan dilində olması və s. Digər məsələlər yoxdur. Restoranlar qaydaların olmamasından sui-istifadə edərək istehlakçılara qarşı böyük özbaşnalıq göstərirlər. Belə hallar neçə illərdir mövcuddur. İstehlakçılara deyirlər ki, üz kontrolu edirik, xoşlarına gəlmirsə buraxmırlar, başqa bir restorandan deyirlər ki, qadınla gəlirsinizsə buraxmırıq, biri deyir ki, üzü dənizə tərəf oturmusansa artıq pul verməlisən, çayxanadan deyir ki, bir çaynik üçün 50 manat verməlisən, mənim verdiyim mürəbbələri də yeməlisən və s. Bu kimi hallar qonaqpərvərliyimizə, turizmimizə ziyan gətirir. Bu illərdir davam edirik. Biz belə məsələləri dövlət orqanları qarşısında qaldırırıq. Deyirlər ki, restoranların öz ərazisidir, özləri bilərlər necə davranırlar. Bu anormal bir vəziyyətdir. Düşünürəm ki, istehlakçı hüquqlarının pozulmasıdır. Sizin dediyiniz mövzuya gəlincə isə öncədən deyilməli idi ki, bizdə yerlər rezerv olunub, filan saatdan sonra qonaqlarımız olacaq bağışlayın. Bu zaman müştəri bilərdi ki, ona uyğundur yoxsa yox?! Lakin bu cür davranmaq istehlakçı hüquqlarının pozulmasıdır. Bunun üçün qanunvericilikdə heç bir qayda-qanun yoxdur. Sizin vasitənizlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, bu özbaşnalıqlara son qoysunlar. Onların adında Dövlət Xidməti, İstehlakçı hüquqlarını qorumaq, bazara nəzarət məsələsi var. İstehlakçılarla bu cür davranan restoranlar boykot olunmalıdır” deyə Əyyub Hüseynov bildirib.
Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, istehlakçı kobud şəkildə pozulmuş hüquqlarını bərpa etməlidir.
“İaşə obyektlərində istehlakçıların hüquqları pozulubsa bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək mümkündür. Şikayət nəticəsində həmin hallar araşdırılır. Əgər həqiqətən də iaşə obyektində qanun pozuntusu müəyyən edilərsə, bu halda sözügedən dövlət xidməti bununla bağlı həmin iaşə obyektinin inzibati qaydada cərimə edilməsi ilə bağlı qərar qəbul edə bilər. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vətəndaşın hüquqlarını bərpa etmirsə, bu halda vətəndaş məhkəməyə də müraciət etmək hüququna malikdir” deyə hüquqşünas bildirib.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...