Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir- HƏRƏKƏTƏ KEÇİB

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir-
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Seçkilərin rəsmi şəkildə elan edilməsi VII çağırış Milli Məclisə deputat seçilmək istəyən şəxsləri də hərəkətə keçirib. Bu dəfə millət vəkilliyinə iddia edən şəxslər arasında ötən çağırışlarda parlamentdə təmsil olunan keçmiş deputatlar da var.

Məlumatlı mənbələrdən Editor.az-a daxil olan informasiyaya görə, keçmiş deputat, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna icraçı direktoru vəzifəsində çalışan Əkrəm Abdullayev də yenidən millət vəkili seçilmək üçün hərəkətə keçib. Keçmiş deputatın yenidən parlamentdə təmsil olunmaq üçün bütün əlaqələrini işə saldığı bildirilir. İddialara görə, Ə.Abdullayev Yeni Azərbaycan Partiyasının(YAP) siyahısından yenidən Salyan rayonundan deputat seçilməyə çalışacaq.

İddialara görə, Abdullayevin hazırda deputat seçilmək istədiyi 60 saylı Salyan-Neftçala seçki dairəsini Milli Məclisdə veteran millət vəkillərindən sayılan Fəzail Ağamalı təmsil edir. Görünür son zamanlar mediada F.Ağamalının bu seçkilərdə mandatını itirəcəyi ilə bağlı yayılan xəbərlər Ə.Abdullayevi həvəsləndirib.

Qeyd edək ki, Əkrəm Abdullayev 2005-ci ildə 59 saylı Salyan birinci seçki dairəsindən deputat seçilib.

Xatırladaq ki, 2010-cü ildə növbəti parlament seçkilərinə çox az zaman qalmış deputatın qardaşı, Salyan rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi vəzifəsində çalışan Əlipaşa Abdullayev iş otağında “RİYAD” təhlükəsizlik xidmətinin Salyan rayon şöbəsinin rəisi İslam Rzayev tərəfindən bıçaqlanmışdı. Hadisənin əmlak mübahisəsi səbəbindən baş verdiyi iddia olunurdu.

İddialara görə, məhz bu hadisədən sonra Əkrəm Abdullayev YAP-ın namizədlər siyahısından çıxarılmışdı. Uzun müddət işsiz qalan, daha sonra artıq fəaliyyətini dayandırmış “Azəriqazbank”-da aparat rəhbəri kimi çalışan Ə.Abdullayev qədim dostu Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin edildikdən sonra bu quruma transfer edildi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...