Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər

Naxçıvan rəhbərliyinin “B” planı -
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə 2024-cü ildə 249,1 milyon manat vəsait ayrılmışdı. Ancaq Naxçıvan rəhbərliyi bu vəsitdən istifadə edə bilmədiyinə görə, ölkə başçısının müvafiq fərmanları ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə ayrılan vəsait 5 dəfədən çox azaldılıb. Belə ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə 2024-cü ildə ayrılması nəzərdə tutulan vəsaitin həcmi 41 milyon 700 min manata manata endirilib.

Bütün bunlar Naxçıvana ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi, tikinti-quruculuq işlərinin aparılmadığı üçün edilib. Naxçıvandakı vəziyyət hamıya məlumdur. Uzun müddət “xan” rejiminin hökm sürdüyü Naxçıvan heç Vasif Talıbov erasından sonra da düzəlmədi. Talıbovun istefasından sonra yerli əhali müəyyən qədər ümidlənmişdi. Hər kəs inanırdı ki, Naxçıvanın problemləri həll ediləcək.

Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilən ilk gündən əsdi-coşdu, yağdı-guruldadı, vədlər verdi ki, bəs, Naxçıvanı Dubaya çevirəcək, London yaradacaq nə bilim nə. Muxtar rerspublika əhalisi inanırdı ki, adam Naxçıvanı dəyişəcək.

Heç bir il keçməmiş boğazdan yuxarı deyilən sözlər ifşa edildi. Məlum oldu ki, heç bir yerdə tikinti-quruculuq işləri aparılmır. Naxçıvanda 60 mindən çox iş yeri bağlanıb. Millət vəkili Səyavuş Novruzov da bu məsələni Milli Məclisdə qaldırıb.

Bundan sonra Naxçıvan rəhbərliyi əl-ayağa düşməyə başlayıb. İndi də əhalini, ən əsası dövləti aldatmaq üçün yeni metod fikirləşib, “B” planı hazırlayıblar. Bu metodla Naxçıvanda bir “reklam kampaniyası”na başlayıblar. Yerli mediada və sosial şəbəkələrdə elanlar paylaşır, Naxçıvana işçi qüvvəsi lazım olduğunu, yüksək maaş, əlavə mükafat verildiyini bildirirlər. Bu xəbəri yayıb, özlərinə divident qazanmaq istəyirlər. Kreslosunun “sürüşdüyünü” əhəmiyyətli dərəcədə hiss edənlər bu üsulla “sürüşmə”nin qarşısını almaq istəyirlər. Belə təbliğat aparılır ki, guya Naxçıvanda geniş tikinti işləri başlayıb, yığıb-yığışdıra bilmirlər, əlavə işçi qüvvəsi axtarılır.

Bu elandan biri də bizim qarşımıza çıxdı. Naxçıvanın “Nuhçıxan” İnformasiya Agentliyində həmin elanlardan birinə rast gəldik: “Naxçıvanda yüksək maaşla işçi qüvvəsi axtarılır. Günü 45 manata, öhdəliyi yerinə yetirən işçiyə əlavə aylıq mükafat da veriləcək”.

Elan bizi təəccübləndirdi. 60 min iş yeri bağlanan Naxçıvanda nə boyda tikinti işləri başladı ki, kənardan işçi qüvvəsi axtarırlar? Elə bu suallarla elanda göstərilən nömrələrə zəng vurduq. Birinci gün elanda qoyulan heç bir nömrə cavab vermədi. Dedik, yəqin, başları işçi axtarmağa o qədər qarışıb ki, hətta telefonlara da cavab verməyə vaxtları yoxdur. Axı, kişilər kütləvi işçi qüvvəsi axtarır.

Bir gün gözlədik, ertəsi gün yenə zəng vuranda dəstəyi bir xanım götürdü. Salamlaşıb, iş elanı barədə maraqlandıq. Xanım birinci dedi ki, bəli, bizə işçi qüvvəsi lazımdı, günü minimal 40-45 manatdan. Tikinti şirkətinin adı “Maya İnşaat”dır. Düz Naxçıvanın mərkəzində yaşayış binası tikir, işçi qüvvəsinə ehtiyac var.

Bildirdik ki, bəs biz tikinti briqadası ilə gəlib, işləmək istəyirik. Xanım briqada adı eşidən kimi, sözünü dəyişdi. Dedi ki, nə biriqada, bizə cəmi iki qəlibçi lazımdı, vəssalam. Dedik, heç olmasa, bir-iki nəfər fəhlə kimi götürün, çörək qazansın. Dedi ki, bizdə ümumiyyətlə fəhləyə ehtiyac yoxdu.

Cənablar, budurmu Naxçıvanda işçi “qıtlığı”? İki qəlibçi axtarışına görə o boyda informasiya agentliyində “kütləvi” elan vermisiniz? Nə etmək istəyirsiniz? Əgər belədirsə, siz də keçin, “xan psixologiyasına”. Nə hay-haray salmısınız? Prezidentin fərmanlarından sonra əl-ayağa düşmüsünüz?

Elin gözü tərəzidir. Onsuz da bu elanlara heç kim inanmır. Etiraf edin ki, çox naşısınız.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...