Ölkəsinin milli sərvəti elan edildi, hakim qərarını dəyişdirib onu meydana qaytarmaq məcburiyyətində qaldı

Ölkəsinin milli sərvəti elan edildi, hakim qərarını dəyişdirib onu meydana qaytarmaq məcburiyyətində qaldı
Braziliya millisinin heyətində üç dəfə dünya çempionu olan, bütün dövrlərin ən yaxşı futbolçularından biri hesab olunan Pele (öz adı Edison Arantes do Nascimento – red.) ötən gün 82 yaşında dünyasını dəyişdi.

Karyerası ərzində 1 281 qol vuran Pele 23 oktyabr 1940-cı ildə Braziliyada anadan olub.

Futbol oynamaq istedadı 11 yaşında üzə çıxan Pele peşəkar debütünü 1956-cı ildə edib.

İki il sonra, o, 17 yaşında millinin forması ilə dünya çempionatında iştirak edib.

1970-ci ildə Meksikada keçirilən futbol üzrə Dünya Kuboku tarixdə ilk dəfə olaraq ekranlardan rəngli formatda yayımlandı. Məhz bu çempionatda Dünya Kubokunu qazanan Pelenin nüfuzu daha da möhkəmləndi.

“Futbol kralı” 1956-1974-cü illər arasında Sao Paulo şəhərinin “Santos” klubunda oynayıb. Onu ilk kəşf edən də elə “Santos” klubunun üzvlərindən biri olub. Futbol skautu “Bu uşaq dünyada əfsanə olacaq” deyib və onun proqnozu özünü doğruldub.

Pele “Santos”un forması ilə 638 matçda 619 dəfə rəqib qapısına yol tapıb. O, Braziliya futbol çempionatında 11 dəfə bombardir olub.

Həmin vaxt bir çox Avropa klubları Peleni transfer etməyə cəhd edib.

Lakin Braziliya hökuməti ulduz futbolçunu ölkənin milli sərvət elan edib və karyerasının zirvəsində olan Pelenin Avropa klublarına keçidi baş tutmayıb.

Pele 1974-cü ildə təqaüdə çıxdığını elan etsə də, 1975-ci ildə ABŞ-nin “Nyu-York Kosmos” komandasına keçib. O, burada çıxış etdiyi 56 oyunda 31 qol vurub. Pele futbol tarixində 92 matçda het-trik edən yeganə futbolçudur.

Pele “Qızıl top” (Fransanın “France Football” nəşrini təsis etdiyi mükafat) mükafatını alan ilk şəxsdir.

1999-cu ildə Məhəmməd Əli və Maykl Cordan kimi əfsanələri geridə qoyaraq əsrin idmançısı seçilib.

Futbol əfsanəsinin həyatı ilə bağlı ən maraqlı məqamlardan biri də odur ki, onun matçını izləmək üçün Nigeriyada vətəndaş müharibəsi edən tərəflər iki günlük atəşkəs elan ediblər.

Pele ilə bağlı digər maraqlı məqam isə Braziliya çempionatında baş verib. Braziliya Liqasında baş tutan qarşılaşmada hakim qaydalar çərçivəsində oynamayan Peleni qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. “Futbolun kralı” meydanı tərk edəndən sonra azarkeşlər hakimə o qədər güclü təzyiq göstərirlər ki, o, 15 dəqiqə sonra qərarını dəyişdirərək Peleni meydana qaytarır.

Məlumat üçün əlavə edək ki, üçqat dünya çempionunun dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək.

Vida mərasimi yanvarın 2-də yerli vaxtla saat 10:00-da başlayaraq bir gün davam edəcək. Daha sonra mərasim çempionun dəfn olunacağı qəbiristanlıqda baş tutacaq. Buradakı mərasimdə yalnız ailəsi və yaxın dostları iştirak edəcəklər.

Mənbə: NTV



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...