Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib
Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib

Bu barədə "Report"a teatrşünas Anar Bürcəliyev bildirib.

“Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, - A. Bürcəliyev qeyd edib.

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Oradan çıxıb Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olub.

ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcı idi.

T.Əliyeva onkoloji xəstəlikdən dünyasını dəyişib.

Allah rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...