Türkiyədəki zəlzələdən sonra Azərbaycanın mənzil bazarı: Nə dəyişəcək?
"Türkiyədə baş verən zəlzələdən sonra insanlar mənzil alarkən qısa müddət kəsiyində həyət evlərinə üstünlük verəcək. Demirəm hamı, amma bir hissə həyət evləri alacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Ekspert Azərbaycanda binaların keyfiyyətsiz tikilməsi fikiri ilə razılaşmadığını bildirib:
"Binlar keyfiyyətsiz tikilir” fikri bütün tikinti sektorunu əhatə edir. Gəlin belə hökm verməyək və bunu bəzi binalara şamil edək. Hesab edirəm ki, Bakı şəhərində kifayət qədər keyfiyyətli binalar var və həmin binalar böyük seysmik göstəricilərə dayanıqlıdır”.
Ramil Osmanlı hesab edir ki, zəlzələlər baş verərkən həmin coğrafiyada yaşayan insanların fikirlərində müəyyən dərəcədə daşınmaz əmlaka yanaşma baxımından fərq yaranır:
"Aydın məsələdir ki, indiki hadisələr fonunda bu, bizim regionda da hiss olunacaq. Azərbaycan da Türkiyəyə həm coğrafi, həm milli-mənəvi dəyərlər baxımından çox yaxın olduğundan, hesab edirəm ki, prosesin ən böyük təsirlərindən biri də Azərbaycana, eyni zamanda Türkiyəyə olacaq. Belə proseslərdə insanlar çoxmərtəbəli binalarda mənzil almağa risk etmirlər. Bu proses bir qədər psixoloji də olsa, dayanır. Biz bu prosesi Azərbaycanda zəlzələlər baş verən zamanlarda da hiss etmişik. Yəqin ki, köhnə binalara və həyət evlərinə olan təlabatı hələ bir müddət hiss edəcəyik”.
Fərdi və köhnə evlərin qiymətinin qalxmasına gəlincə, ekspert bunu mümkünsüz sayır:
"Baş verən hadisələrin, təəssüflər olsun ki, köhnə binaların qiymətinin qalxmasına təsiri olmayacaq. Azərbaycanda qiyməti tələb və təklif formalaşdırmır. Məsələn, bizim son vaxtlarda tikinti şirkətləri ilə apardığımız danışıqlar zamanı bir sıra şirkətlər binanın qiyməti ilə bağlı danışanda deyirlər: "Satılmasa da, problemimiz yoxdur”. Yəni, bu o deməkdir ki, tikinti şirkətləri dövriyyə vəsaitləri hesabına fəaliyyət göstərmir. Kifayət qədər kənar maliyyə resurslarına malikdirlər. Ona görə də belə halda tələb və təklif bazarda rol oynamır. Bu mənada baş verən proseslər Azərbaycan əmlak bazarında hər hansı formada qiymətə təsir göstərməyəcək”.
650 dəfə oxundu