BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirib

BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirib
BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirib
Bakı Dövlət Universitetinin (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Konfransdan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, BDU-nun rektoru Elçin Babayev, Universitetin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərindəki abidəsini, Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans öz işinə başlayıb. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda açılış nitqi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. Müstəqim Məmmədov vurğulayıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib: “Ümummilli Lider Tərtəri “Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyar” adlandırırdı. Hazırda Tərtər rayonuna və tərtərlilərə bu diqqət və qayğı onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir”. Daha sonra Müstəqim Məmmədov Vətən müharibəsində “döyüşən şəhər” olan Tərtərin düşmənə qarşı mübarizə əzmi, postmüharibə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər barədə məlumat verib.
BDU-nun rektoru Elçin Babayev isə çıxışında qeyd edib ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır. Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də böyük uğurlar əldə edilib. Ulu Öndər hələ respublikaya rəhbərliyinin birinci dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət yetirir, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet hesab edirdi. Məhz dahi liderin böyük xidmətləri sayəsində respublikada ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırılmış, tələbə qəbulunda şəffaflıq, ədalətlilik təmin olunmuşdur. Ulu Öndərin şəxsi nüfuzu və əlaqələri hesabına yüzlərlə azərbaycanlı gənc müvafiq ixtisaslara yiyələnməsi üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilmişdir. Azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsi, eyni zamanda gələcəkdə müstəqil Azərbaycan Ordusunun milli ruhlu, vətənpərvər zabit korpusu ilə təmin edilməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə - 1993-2003-cü illərdə də bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.
Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşıb. Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir.
Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov “Ulu Öndər və Yeni Azərbaycan Partiyasının yaranma zərurəti”, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti”, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev zirvəsi”, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev “Azərbaycan mətbuatının inkişaf prosesində Heydər Əliyev irsi”, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov “Ulu Öndər Heydər Əliyev – milli qurtuluşumuzun memarı", Tarix fakültəsinin dosenti Azad Rzayev “Heydər Əliyevin siyasi portreti”, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, Tarix fakültəsinin müəllimi Anar Həmidov “Heydər Əliyev: Azərbaycanda yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və kadr siyasəti”, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Rasim Süleymanov “Ulu Öndər Heydər Əliyev xarici nəşrlərdə” mövzularında çıxışlar ediblər. Çıxışlarda dahi liderin həyatı və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu, Azərbaycanın əldə etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun dayandığı vurğulanıb.

BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...