Naxçıvanda bir sıra qurumlar ləğv edildi, yeniləri yaradıldı

Naxçıvanda bir sıra qurumlar ləğv edildi, yeniləri yaradıldı
Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb.
Fərmana əsasən, Xidmətin şəhər və rayonlarda yerləşən əmlakı ştat vahidləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Ali Məclisinin Sədrinin birinci müavini Azər Zeynalov digər Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi də ləğv edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi ləğv edilərək əmlakı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Digər fərmanla Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərkibində Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi, Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzi və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin strukturu da təsdiq edilib. Belə ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən nazirliyin aparat işçilərinin sayı müəyyənləşib. Kənd Təsərrufatı Nazirliyi Aparatının işçilərinin say həddi 62 ştat vahidi, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 51 ştat vahidi olaraq müəyyən edilib.
Başqa bir Fərmanla Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi, “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, Akademik Həsən Əliyev adına “Araz” Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb. Qurumlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...