Azərbaycanın müdafiə naziri israilli həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri israilli həmkarı ilə görüşüb
İyulun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Nazirlikdən verilən xəbərə görə, əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən cənab Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.
Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...