2 avqust - Azərbaycan kinosunun ad günüdür

2 avqust - Azərbaycan kinosunun ad günüdür
Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır.

İlk filmlər fotoqraf, rejissor, ssenarist, operator və naşir Aleksandr Mişon tərəfindən çəkilmiş xroniki süjetlərdən ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" xronikaları nümayiş etdirildi. 1935-ci ilədək Azərbaycanda səssiz filmlər çəkilsə də, onlar həm sənədli, həm də bədii film janrlarında idi.

Yazıçı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, melodram janrında olan "Neft və milyonlar səltənətində" povesti əsasında
1916-cı ildə Azərbaycanda ilk tammetrajlı bədii film çəkildi. Bununla da kino salnaməmizdə yeni səhifə açıldı - bədii film çəkilişinin əsası qoyuldu. Daha sonra 1919- cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə əlaqədar "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı sənədli film çəkilərək nümayiş etdirildi.

Azərbaycanda ilk səsli kinonun istehsalına 1935-ci ildə "Mavi dənizin sahilində" bədii filmi ilə başlandı. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişləndi. 1936-cı ildə görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin sovet kinosundan tərcümə etdiyi "Çapayev" filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətimizdə dublyajın əsası qoyuldu.

Kinomuzun inkişaf mərhələsi keçmiş Sovet İttifaqına aid olduğumuz dövrə düşsə də, çəkilən filmlərdə (əsasən də, bədii filmlərdə) qədim milli mədəniyyətimizin ənənələri, həmçinin, xalqımızın mənəviyyatına və xarakterinə xas olan əlamətlər bariz bır şəkildə öz əksini tapdı. Beləliklə də, müxtəlif dövrü əhatə edən tarixi hadisələr xronikal lentlərə həkk olunaraq tarixin salnaməsinə çevrildi.

Azərbaycan kinosunun keçdiyi yol heç də asan olmadı. Kinomuz dövrlərin reallığından irəli gələn səbəblərdən müxtəlif illərdə çətin sınaqlar qarşısında qaldı. Lakin zaman keçdikcə əzmkar və vətənpərvər kino xadimlərimizin səyi, bacarığı, kinoya olan böyük sevgisi nəticəsində texniki və bədii keyfiyyət baxımından özünü doğruldan bir çox filmlərimiz ölkədə və ölkədən kənarda çoxsaylı tamaşaçı auditoriyasının, kinosevərlərin rəğbətini qazandı.

Adı tarixə düşən, fərdi təfəkkürünə, istedad və bacarığına görə Azərbaycan kinosuna töhfələr verən kino xadimlərimizdən gələcək nəslə yüzlərlə bədii, animasiya, sənədli və elmi-kütləvi filmlər yadigar qaldı. Bu filmlər xalqımızın milli sərvəti kimi bu gün Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılmaqdadır. Hazırda Dövlət Film Fondunda 67 min saxlama vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 12 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplomlar, prizlər və s.) qorunub saxlanılır.

18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əliyev Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.

Kinomuzun 125-ci ildönümü münasibəti ilə bütün kino xadimlərimizi təbrik edir, hər birinə uğurlar arzulayırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...