Alimlər tarixin ən böyük zəlzələsinin mənbəyini tapdı
Beynəlxalq alimlər qrupu 2022-ci ilin mayında qeydə alınan Marsın səthinin ən böyük silkələnməsinin mənbəyini aşkarlayıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "Geophysical Research Letters" (GRL) elmi jurnalında dərc olunub.
NASA-nın "InSight" eniş modulu tərəfindən 4,7 bal gücündə seysmik təkanlar qeydə alınıb. Mars zəlzələsi ən azı 6 saat davam edib və bütün planetə təsiri olub.
Əvvəlcə güman edilirdi ki, Marsın silkələnməsinin səbəbi meteorit düşməsidir. Lakin qırmızı planetin səthinin tədqiqi zamanı yeni kraterlər tapmaq mümkün olmayıb. 144 milyon kvadrat kilometr ərazini öyrənmək bir neçə ay çəkib.
Komanda bu nəticəyə gəlib ki, Marsda zəlzələ planetin daxili hissəsinə nəhəng tektonik qüvvələrin buraxılması nəticəsində baş verib. Bu, Marsın seysmik cəhətdən əvvəllər düşünüldüyündən qat-qat aktiv olduğunu göstərir.
"Biz hələ də düşünürük ki, bu gün Marsda aktiv plitə tektonikası yoxdur, ona görə də bu hadisə, çox güman ki, planetin qabığındakı stressin yayılması ilə əlaqədardır. Planetin bəzi hissələrinin niyə digərlərindən daha yüksək gərginliklər yaşadığını hələ də tam başa düşə bilmirik. Bir gün bu məlumat insanların Marsda harada yaşamasının təhlükəsiz olacağını anlamağa kömək edəcək”, deyə Oksford Universitetindən tədqiqat rəhbəri doktor Benjamin Fernando bildirib.
555 dəfə oxundu