Ukrayna kəşfiyyatı süni intellektlə təchiz edilmiş yeni Rusiya dronu V2U-nun sirrini açdı
Süni intellektlə işləyən və düşmən tərəfindən Sumı vilayətinə qarşı fəal şəkildə istifadə olunan yeni Rusiya pilotsuz uçuş aparatı V2U avtonom şəkildə hədəf axtarışı və seçimi qabiliyyəti ilə seçilir.
Qaynarinfo xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) məlumatına görə, "War&Sanctions" platforması V2U döyüş dronunun konstruktor quruluşu, elektron bazası və komponentlərinin mənşəyi barədə məlumat yayıb. Bu pilotsuz aparat Rusiyanın Sumı istiqamətində aktiv tətbiq etdiyi silah növüdür.
Kəşfiyyatın məlumatına əsasən, V2U-nun əsas xüsusiyyəti onun süni intellekt vasitəsilə müstəqil şəkildə hədəf axtarma və seçmə bacarığıdır. Hesablama sistemi Çin istehsalı olan "Leetop A203" mini-kompüteri üzərində qurulub, bu qurğunun əsas prosessoru isə "NVIDIA Jetson Orin" bazasında hazırlanmış yüksək sürətli moduldur.
QUR bildirir ki, V2U yalnız bir GPS modulu ilə təchiz olunub. Bu, yəqin ki, Rusiya tərəfinin Ukraynanın radioelektron mübarizə sistemləri səbəbindən peyknaviqasiyadan imtina etdiyini göstərir. Bunun əvəzinə, kompüter görməsi texnologiyası tətbiq olunur – dron kamerasından alınan görüntüləri əvvəlcədən yüklənmiş ərazi şəkilləri ilə müqayisə edir.
Bundan əlavə, dron FPV rejimində LTE bağlantısı ilə idarə oluna bilir. Onun üzərində "Microdrive Tandem-4GS-OEM-11" modem-router quraşdırılıb və bu qurğu Ukrayna mobil operatorunun SIM kartı ilə işləyir. Qurğuda Rusiya markalanması olsa da, modemin texniki komponentləri Çin mənşəlidir.
Ukrayna kəşfiyyatçılarının qeyd etdiyinə görə, dronun əksər komponentləri Çin istehsalıdır: mühərrik, GPS modulu, servomexanizmlər, yaddaş daşıyıcıları, məsafəölçən, sürət tənzimləyiciləri, enerji mənbələri. Bundan əlavə, drona Yaponiya istehsalı olan "Sony” işıq həssas sensoru, İrlandiya şirkəti "Te Connectivity"nin elektromaqnit rolu və ABŞ istehsalı olan "Jetson Orin" modulu yerləşdirilib.
Kəşfiyyat xidməti bu dronun istehsalında iştirak edən iki Rusiya və iki Çin şirkətinin identifikasiya məlumatlarını da açıqlayıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna hərbi kəşfiyyatı "Kronştadt” şirkəti tərəfindən hazırlanmış qanadlı raket S8000 "Banderol” haqqında məlumat yaymışdı. Bu raketin əsas daşıyıcısı "Orion” pilotsuz aparatıdır. Hazırda Mi-28N zərbə helikopterləri üçün də uyğunlaşdırma işləri aparılır.
"Banderol”un üstünlüyü ondan ibarətdir ki, o, tipik Rusiya qanadlı raketlərindən fərqli olaraq – X-101, 3M-14, 9M727, X-69 – daha kiçik radiuslu döngələr etməyə qadirdir, lakin yenə də klassik qanadlı raket trayektoriyasını qoruyub saxlayır.
41 dəfə oxundu