Məzarlıqda yaşayan ailəyə yardım başladı FOTOLAR
Bəli, insanlıq ölməyib. Nə qədər yaxşı insanlar var, insanlıq da bir o qədər yaşayacaq. Ötən şənbə Lent.az-da “Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI” başlığı altında Yasamal qəbiristanlığında yaşayan ailə haqqında yazı getmişdi. Yazı yayımlanar-yayımlanmaz redaksiyamıza zənglər gəlməyə başladı. Adını anonim saxlayan, kimliyini bəlli etməyən, bizli-bizsiz ailəyə yardım edənlər oldu. Hələ də davam edir. Kirayə evlə təmin etməyə hazır olanlar, ərzaq və geyimlə yardım edənlər, oyuncaq və məişət texnikası alanlar, evin tikintisi üçün inşaat materialları təklif edənlər... Adlarının çəkilməsini istəməyən bu insanlara və təşkilatlara təşəkkür edirik. İmkanını əsirgəməyənləri adbaad sadalamaq uzun çəkər. Siyahı o qədər uzundur ki...
Dünənə qədər başdaşları ilə oynayan bu uşaqlar bu gün gəlinciklərlə oynayır. Bir vaxtlar uşaqlar efirdə göstərilənləri görüb istəyəcək deyə, televizoru söndürən Afət xanımın bu gün soyuducusu nemətlərlə dolub-daşır. İndiyə qədər uşaq arabası olmayan doqquz aylıq Zeynəbin artıq iki uşaq arabası, yetərincə yeməyi var. Fatimənin müalicəsi isə sabahdan gec olmayaraq başlayacaq.
Yazıda da qeyd etdiyimiz kimi, Qoçiyevlərin Hökməli qəsəbəsində torpaq sahəsi, içində də başa çatdıra bilmədikləri evin yarımtikilisi var. “Uşaqların xoşbəxt gələcəyi” təşkilatının təşəbbüsü ilə həmin evin tikilib tamamlanması yaxın günlərdə başlayacaq. Artıq müəyyən qədər vəsait də toplanıb. Lakin bu vəsait hələ ki, azdır. Sizlərin də dəstəyi ilə inanırıq ki, payız gəlmədən bu ailəni qəbiristanlıqdan şəraitli bir evə köçürəcəyik.
Bu gün Qoçiyevlər ailəsini ziyarət edənlər arasında APA Holdinqin prezidenti Vüsalə Mahirqızı da var idi. O, ailənin yaşadığı yerdə olub, uşaqların problemi ilə maraqlanıb və ailəyə maddi yardım edib.
Ailəyə yardım edənlərdən biri də millət vəkili Qənirə Paşayeva oldu. Lent.az-da yazını oxuyan kimi redaksiyamızla əlaqə saxlayıb, həmin ailəyə baş çəkmək istədiyini dedi. Getdi də. Fatimənin sağlığından tutmuş balacaların qidalanmasına qədər ailənin bütün problemi ilə maraqlandı. Ailəyə məxsus evin tikintisi bitincə, evi mebellə təmin edəcəyini söz verdi.
“Televizorda yeməli nəsə göstərəndə “ondan bizə al” deyirlər. Çatdıra biləndə kanalı tez dəyişirəm ki, görməsinlər. Görəndə deyirlər, ana, bax, nə gözəl şeylər göstərirlər! Anayam, ürəyim paralanır. Hər dəfə bir yalan uydururam. Gah dərmandı deyirəm, gah qurdludu, olmaz yemək, deyirəm. Ən çox yumurta istəyirlər. “Ozmo” yumurta...” Reportajdan yadınızdadı, bunu uşaqların anası Afət xanım demişdi.
“Ozmo” da balacaların istəyinə səssiz qalmayıb. Yazını oxuyan “Veysəloğlu” Şirkətinin rəhbərliyi ailəyə baş çəkib. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovun sözlərinə görə, uşaqlara şirkətin distribyuterlik etdiyi OZMO və ETİ, həmçinin “Ulduz” şokolad fabrikinin məhsullarından ibarət hədiyyələr aparılıb: “Uşaqlar həqiqətən də OZMO-nun hədiyyələrini sevinclə qarşıladılar və onların sevinci hər nəyə desəniz dəyərdi. Sağ olun ki, bu cür ailələri arayıb tapır və onların problemlərini ictimailəşdirirsiniz”.
Əziz oxucularımız, bura qədər hər şey qaydasında gedir. Yazının yayımlandığı 3 gün ərzində bu ailəyə laqeyd qalmadınız. Bundan sonra da bu ailəyə yardım edəcəyinizə inanırıq.
1484 dəfə oxundu