“Təndir çörəyi ermənilər tərəfindən mənimsənilib” - Agentlik
“Təndir sözü Azərbaycan sözüdür, türk etimologiyasına malikdir və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi ermənilərin əqli mülkiyyət oğurluğunun davamıdır”.
AzVision.az xəbər verir ki, bu barədə Müəllif Hüquqları Agentliyi təndirin ermənilər tərəfindən özününküləşdirməsi ilə bağlı yayılan videoya reaksiyasında deyilir. Agentlikdən saytımıza verilən məlumata görə, Azərbaycanlılar əsrlərdən bəri çörəyi təndirdə (erməniləşdirilmiş “tonir” variantı da buradan yaranıb) bişirirlər. Təsadüfi deyil ki, ən qədim təndir Azərbaycan ərazisində tapılıb. Azərbaycanda təndirin “Çala”, “Doyma”, “Şirəli”, “Qoyma”, “Kürə” və digər növləri var. Azərbaycanda ən qədim təndir Eneolit dövrünə aiddir.
“Yeraltı və yerüstü təndirlərdə müxtəlif lavaşlar, təndir çörəyi, bəyimçörəyi, müxtəlif xörəklər, qənnadı məmulatı hazırlanır.
Bu xüsusi gil sobalarında çörək bişirilərkən, xüsusən də yanacaq kimi təzəkdən istifadə edilərkən, “dəm qazı” əmələ gəlir. Elə “tindir” sözü də Azərbaycan dilində “dəm qazı” mənasını bildirir. Təndirdən istifadə edən xalqlar, bütün təndirlərin, o cümlədən erməni redaksiyasında verilən “tonir”lərin hava çəkən yeri -“külfə”si vardır. O, Azərbaycan dilində “kül üfürən” deməkdir. Bəllidir ki, “lavaş” çörəyi türk sözü “aş”-dan yaranıb. Onun ən nazik növünü isə azərbacanlılar “yuxa”, yaxud “yayma” kimi adlandırırlar. Çörəyin bu növlərini azərbaycanlılar təndirdə bişirirlər və onlar ermənilər tərəfindən mənimsənilib”.
Agentlikdən onu da qeyd ediblər ki, təndirlə bağlı Azərbaycan folklorunda əmək nəğmələri var. Belə nəğmələrdən biri təndirbaşı adlanır:
“Təndirbaşı təndir qalanarkən, təndirə çörək yapılarkən oxunan nəğmələrə deyilir. Bəzi bölgələrdə təndirbaşı mərasim, şənlik şəklində olur. Qərb rayonlarında yaşlı qadınların keçirdikləri axşam məclisi təndirbaşı, yaxud təndirbaşında adlanır. Təndirbaşıların bir qismi sacasma adlanır. Sacasma sac üzərində lavaş bişirilərkən mahnı ilə müşahidə olunur.
Ermənistanın məşhur mədəniyyət xadimləri hələ XIX əsrdə öz əsərlərində Azərbaycan folkloru nümunələrindən geniş istifadə ediblər. X. Abovyan, N. Nalbandyan, Q. Ağayan, P. Proşyan, R. Patkanyan, Q. Sundukyan və başqaları onların sırasındadır. Konkret misal gətirək. X. Abovyanın yalnız “Ermənistanın yaraları” və “Ağasının nəğməsi” adlı iki əsərində istifadə olunmuş söz nümunələri əsasında Q. Qasparyan tərəfindən lüğət tərtib edilmiş və nəşr edilmişdir. Həmin lüğətdə dilimizdən alınmış ifadələr “dialekt” adlandırılıb (Q. Qasparyan, Əsərləri, c. IV, Yerevan, EA-nın nəşriyyatı, 1947, erməni dilində). Hələ türkcədən birbaşa köçürülən atalar sözlərindən danışmadan X. Abovyanın “Ermənistanın yaraları” romanında “təndir” sözü ilə yanaşı, “plov”, “çalma”, “qarapapax”, “xurcun”, və s. kimi Azərbaycan sözlərini işlədib.
Beləliklə, təndirin Azərbaycanda və azərbaycanlılar yaşayan tarixi məkanlarda geniş istifadəsi ilə yanaşı təndir sözü Azərbaycan sözüdür, türk etimologiyasına malikdir və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi ermənilərin əqli mülkiyyət oğurluğunun davamıdır”-deyə Agentlikdən bildiriblər.
Qeyd edək ki, bi gün öncə erməni Stefan Sardaryan Youtube portalında paylaşdığı video ilə təndiri erməni xalqına məxsus bir dəyər kimi təqdim edib. O, qeyd edib ki, guya təndir erməni mətbəxinin ilk nümunələrindəndir, ondan lavaş, yemək bişirmək və evləri qızdırmaq məqsədilə istifadə edilib. Ermənilərə görə, guya təndir yerdəki günəşi simvolizə edir.
1732 dəfə oxundu