Telekanal rəhbəri olan xalq artistinin özəl günü

Telekanal rəhbəri olan xalq artistinin özəl günü

Bu gün xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, “Şərəf” ordenli kinorejissor Vaqif Mustafayevin doğum günüdür.

Kult.az xatırladır ki, Vaqif Mustafayev 1953-cü il avqustun 28-də Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali rejissorluq və ssenaristlik kurslarını bitirib.

1973-cü ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi, 1977-ci ildən rejissor, 1985-ci ildən rejissor və quruluşçu rejissor vəzifələrində işləyib.

O, “Astarı üzündən baha”, “Atamın sənəti”, “Belə də olur”, “Belə lazımdır”, “Bəyin oğurlanması”, “Bumeranq”, “Dua”, “Əbədi mühərrik”,”Fədailər”, “Qıfılbəndin açması”, “Mastika”, “Məsələ № 777”, “Musiqili xaş”, “Nankorluq”, “Özbaşınalıq”, “Proloq”, “Sayı çox…”, “Sökmək asandır”, “Sözün çəkisi”, “Sübut”, “Ütü də gözəllikdir”, ” “Üzr istəyirəm”, “Yaramaz”, “Nakəs”, “Yeganə əlac”, “Yeni iş üsulu”, “Yenilik”, “Yerlə göy arasında”, “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Heydər Əliyev”, “Heydər Əliyev - General”, “Heydər Əliyev- Birinci”, “Heydər Əliyev- Əsl məhəbbət haqqında”, “Heydər Əliyev- Do Patriot”, “Heydər Əliyev- Xüsusi təyinat”, “Milli bomba”, “Yoxlama” və s. ekran əsərlərinin rejissorudur.

Filmləri bir sıra beynəlxalq festivallarda mükafatlar alıb. 2001-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini vəzifəsində çalışan Vaqif Mustafayevin “Belə lazımdır” qısametrajlı filmi “Ən yaxşı rejissor işinə görə” (Moskva, 1982), “Musiqili xaş” “Ən yaxşı ssenariyə görə” (Moskva, 1983) mükafatlarına, “Yaramaz” tammetrajlı bədii filmi Azərbaycan Dövlət mükafatına (1988), Bolqarıstan, Yaponiya, ABŞ, Kanada və başqa ölkələrdə keçirilən kino festivallarının əsas mükafatına layiq görülüb.

“Nakəs” tammetrajlı bədii filmi “Qızıl qartal” kinofestivalının iki əsas mükafatı (Tbilisi, 1991) və Avropa Türk–İslam Kültür Birliyinin qızıl medalı, “Hər şey yaxşılığa doğru” qısametrajlı bədii filmi beynəlxalq kino festivalının 4 mükafatının hamısı ilə təltif edilib.

“H.Əliyev. Əsl məhəbbət haqqında” – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr edilmiş sənədli bədii silsilə filmlərin altıncı filmi IV “Avrasiya Teleforum” festivalında əsas mükafata layiq görülüb.

Vaqif Mustafayev Serbiya İncəsənət Akademiyasının fəxri professoru adına layiq görülüb, bu ali təhsil ocağında sənət adamlarına ustad dərsləri keçib. Serbiya prezidenti Tomislav Nikoliçin qərarı ilə 2 sentyabr 2013-cü ildə Vaqif Mustafayev Azərbaycan və Serbiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Serbiya bayrağı” ordeni ilə təltif edilib.

V.Mustafayev 8 may 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın inkişafındakı böyük xidmətlərinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. 2017-ci ildə Ukrayna KİV İşçiləri Assosiasiyası tərəfindən qızıl ordenlə təltif olunub.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, 28 avqust 2003-cü ildə xalq artisti adına layiq görülüb.

28 avqust 2013-cü ildə isə silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Qeyd edək ki, V.Mustafayev Speys TV-nin rəhbəridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...