Ekspertlər niyə qonorar tələb etmirlər? – “Bizim öz marağımız var”
Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə ekspertlər verdikləri rəyin müqabilində müəyyən qədər qonorar alırlar. Azərbaycanda isə ekspertə qonorar vermək ənənəsi demək olar ki, yoxdur. Elə tanınmış şəxslər var ki, gün ərzində 10 KİV nümayəndəsinin sualını cavablandırır, həmçinin bir neçə TV-nin də qonağı olur.
Maraqlıdır, Azərbaycanda ekspertlər niyə qonorar tələb etmir?
Tez-tez səhiyyə mövzusunda açıqlamaları ilə gündəmə gələn professor Adil Qeybulla Yenisabah.az-a açıqlama bildirib ki, həmişə gəlir yeri tibbi fəaliyyəti olub:
“Mən, ümumiyyətlə, mahiyyət etibarilə təmənnasız adamam. Hətta gələcəkdə bu xidmət ödənişli əsaslarla olsa belə, mən bu şeylərin fərqində ola bilmərəm. Heç vaxt həkim faizi ilə, yaxud başqa-başqa dərmanlarla gəlir əldə olunması kimi məsələlərə qoşulmamışam. Çalışmışam ki, neqativ məsələlərdən, cəmiyyətdə pis reputasiyalı olan fəaliyyətdən özümü uzaq tuta bilim. Mənim həmişə gəlir yerim, yaşayış vasitəm həkimlik fəaliyyətim olub. Onda da imkan daxilində hansısa bir çərçivədə çalışmışam”.
Mütəxəssis vurğulayıb ki, insanlar öz fəaliyyətləri ilə cəmiyyətə nümunə olmalıdır:
“İndiki durumda bunları ödənişli əsaslarla həyata keçirməyin və yaxud bu haqda düşünməyin yeri deyil. Çünki bu məsələ hələ cəmiyyətdə yetişməyib. Bütün əmək fəaliyyətinin ödənişli olması üçün ən birinci maaşların optimal, rasional olması lazımdır. Vətəndaşın normal deklarasiya olunabilən leqal gəlir vasitələri olmalıdır ki, bu, ona normal yaşayış imkanları yaratsın. Ondan sonra bu şeylər artıq reallığa çevrilə, normal hal ala bilər”.
Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca məhkəmə-tibb eksperti olan Sərdar Cəlaloğlu isə qeyd edib ki, şəxs əgər həm siyasətçi, həm də hansısa sahə üzrə ekspertdirsə, ödənişin tələb olunub-olunmaması onun çıxışında tutduğu mövqedən asılıdır:
“Məsələn, mən özüm siyasətçi olaraq çıxış etdiyim üçün burada hər hansı ödənişdən söhbət getmir. Çünki mətbuatda çıxış edəndə bizim özümüzün də müəyyən maraqlarımız olur. Həm siyasətçi, həm ekspert olan şəxs siyasətçi mövqeyindən çıxış edirsə, gərək, o, lazım gəlsə, ideyalarını yaydığına görə mətbuat nümayəndəsinə pul ödəsin. Biz siyasi partiya kimi öz ideyalarımızı yaymaq üçün lazım olanda dəstək veririk.
Amma siyasətçi ixtisasına uyğun olaraq ekspert kimi fəaliyyətdə göstərirsə, hansısa müəssisə ondan rəy alanda mütləq şəkildə ona pul ödənməlidir. Çünki onlar mütəxəssis olmaq üçün də kifayət qədər əziyyət çəkirlər. Ekspertlərin siyasətçilərdən fərqli olaraq rəy verdikləri məsələlərdə heç bir maraqları olmur, onlar mütəxəssis mövqeyindən çıxış edirlər. Mən özüm məhkəmə tibb ekspertiyəm, bu sahədə 17 il işləmişəm və dövlətdən əməkhaqqı almışam. Həmin vaxt əgər baş verən hər hansı bir hadisə mənim dostum, yaxud qohumumla bağlı olsa, dərhal prokurorluqdan bu məsələdən kənarlaşdırıldığım bildirilirdi. Çünki ekspert o şəxsdir ki, verdiyi rəydə şəxsi marağı olmasın.
Lakin incə bir məqama toxunum. Əgər ekspert mətbuata məhz baş verən hadisələrin gedişi ilə bağlı bir rəy verirsə, o, ödəniş almamalıdır. Çünki biri var, sən hansısa bir qrupa xeyir verirsən, biri də var ki, xalqı maarifləndirirsən. Hansısa qrupa xeyir verəndə təbii ki, o xeyrin faizini də alırsan. Amma sən xalqa iqtisadi vəziyyətlə bağlı ekspert rəyi çatdırırsansa, bu, ümumi millətə olan xidmətdir, bunun müqabilində kimdən pul alına bilər ki? Yox, əgər hansısa bir jurnalist həmin şəxsə sifariş verirsə ki, mənə bu məsələ ilə bağlı məqalə yaz, onda zəhmətinin haqqını alması təbiidir. Çünki vaxtını, oraya sərf edir. Orada onun öz marağı yoxdur, maraq jurnalistindir”.
627 dəfə oxundu