"Meşələrin qırılmasında meşə işçilərinin bilavasitə ya əli, ya da xəbəri var"
Şəmsəddin Əliyev: "Əgər ətraf mühitin ekoloji tarazlığı pozulursa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nə ilə məşğuldurlar?"
Təbiətin bəşəriyyətə bəxş etdiyi füsunkar gözəlliklərdən olan meşələri nahaqdan yer kürəsinin “ağ ciyərləri” adlandırmırlar. Meşələr təmiz havası, oksigen zənginliyi, flora və fauna gözəlliyi ilə uşaqdan böyüyədək hər kəsin rahatlıq məkanı sayılır. Çünki təbiətin qoynunda onunla daha yaxından təmasda olanda, sərin bulaq suyundan içəndə sanki başqa aləmə düşür, ətrafın gözəlliyinin gətirdiyi ruhi və mənəvi dinclikdən zövq alırsan. Amma...
Təəssüflər olsun ki, bu gün bəzi insanlar həyatları üçün mühüm əhəmiyyət kəsb edən meşələrin bilərəkdən və ya bilməyərəkdən qəniminə çevriliblər.
Bu barədə konkret faktlar “Təzadlar”a daxil olan həyəcan dolu şikayət məktublarında öz əksini tapmaqdadır. Şikayətçilər yazır ki, meşə ərazilərinə nəzarət sisteminin gücləndirilməsinə baxmayaraq, hələ də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bəzi əməkdaşlarının havadarlığı ilə ağacların məhv edilməsi davam edir. Məktub müəllifləri qeyd edirlər ki, vətəndaşlar meşələrin məhv edilməsi ilə bağlı davamlı olaraq ETSN-ə şikayət etsələr də, heç bir tədbir görülmür, ona görə də media orqanlarına üz tuturlar. Bildirirlər ki, meşə təsərrüfatını mühafizə etməli olan qurumların rəhbər şəxsləri nadir ağac növləri ilə zəngin olan meşələri məhv edir. Soruşurlar ki, əgər ETSN rəhbərliyinin bu “yaşıl soyqırım”lardan xəbəri varsa, o zaman niyə susur? Niyə günahkarlar barəsində hüquqi addımlar atılmır?
Problemin son dərəcə aktuallığını, ciddiliyini nəzərə alaraq bu və digər suallara cavab tapmaq məqsədilə hüquqşünas Şəmsəddin Əliyevə müraciət etdik.
- Şəmsəddin müəllim, zəngin flora və fauna mənbəyi olan meşələrin məhv edilməsi, qlobal ekoloji tarazlığın kobud şəkildə pozulması hüquqi məsuliyyət yaradırmı? Bu məsələ qanunla necə tənzimlənir?
- Bəli, meşələri qanunsuz qıranlar, ağacları məhv edilənlər birbaşa hüquqi məsuliyyət daşıyırlar. Ekoloji tarazlığın kobud şəkildə pozulması və s. bu kimi məsələlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. Qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28-ci fəsli bütövlükdə ekoloji cinayətlərə həsr olunub. Bu da Cinayət Məcəlləsinin (Maddə 247-261.) 15 maddəsini əhatə edir.
Meşələrimizin məhv edilməsinə gəldikdə isə, deməliyəm ki, nəinki ucqar dağ rayonlarımızda, Bakı şəhərinin özündə belə, tikinti inhisarçıları tikəcəkləri binanın ərazisindəki bütün çoxillik agacları bir gecədə qırır, yaşıllığı məhv edirlər. Əgər sakinlər bu “yaşıl soyqırım”lara görə həyəcan təbili çalmasalar, paytaxtda bir dənə də ağac qalmaz.
Bəli, bu gün cənub rayonlarında meşələrin məhv olunması prosesi geniş miqyas alıb. Lerik, Yardımlı, Cəlilabad və Masallı meşələri intensiv şəkildə məhv edilməkdədir. Qərb regionunda da vəziyyət eynidir, meşələr amansızcasına məhv edilir. Əsasən, qoz, fısdıq, palıd ağacları kəsilərək işlik materiallar mebel sexlərinə daşınır.
Rayon sakinlərinin verdiyi məlumatlardan aydın olur ki, meşələrin məhvindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilsə də, heç bir tədbir görülmür.
Burada bir haşiyəyə çıxmaq istərdim. Mən sovet dönəmini yaşamış adamam. Cənub regionunda dağətəyi kəndlərin birində doğulub, orada da böyümüşəm. Meşə zolağı həyətimizin yüz metrliyində idi. Meşəbəyinin kəndimizinin bütün sakinlərinə yaxın-uzaq qohumluğu çatırdı. Ancaq buna baxmayaraq, kənddə heç kəsin cəsarəti çatmazdı ki, meşədəki ağaclardan birinin budağını sındırsın. Çünki insanlarda qanunlardan qorxmaq, eyni zamanda qanunlara hörmətlə yanaşmaq hissi vardı. Ona görə də meşələrdəki ağacları kəsəmək, yaxud yandırmaq, məhv etmək mümkün hal deyildi.
- Qış aylarında evlər nə ilə, necə qızdırılırdı?
- Yalnız qurumuş, çürümüş, kəsilmiş ağıcların kötüklərini yerdən çıxanmaqla onlardan yanacaq kimi istifadə olunurdu. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. Müvafiq icra hakimiyyəti orqanları və nazirliklərin rəhbərləri kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin başı öz fəaliyyət istiqamətlərini, vəzifə və hüquqlarını tənzimləməyə qarışdı. Ekoloji mühitin bu gününə və gələcəyinə cavabdeh şəxslər o zaman ayıldılar ki, insanlar həyatları üçün mühüm əhəmiyyət kəsb edən meşələrin qəniminə çevriliblər.
- Bəs qanunsuz ağac kəsməyə, yaşıllıqların kütləvi məhvinə səbəb olanlara qanunun müvafiq maddələri niyə tətbiq olunmur?
- Məsələ ondadır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütövlükdə ekoloji cinayətlərə həsr olunan 28-ci fəslin əksər maddələri işləmir, ölü vəziyyətindədir. Bir neçə maddə işləyirsə, böyük işdir. Məsələn, CM-nin 247-ci maddəsində qeyd edilir ki, sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər bu cəzalar sözügedən qanunsuzluqların qarşısını almırsa, hesab edirəm ki, Cinayət Məcəlləsinin müvafiq maddələrinə dəyişiklik edilməli və cəzalar sərtləşdirilməlidir. Baxın, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi böyük bir qurum təsis olunub. Bu nazirliyin işi nədən ibarətdir? Elə götürək Bakı şəhərini. Əgər ətraf mühitin ekoloji tarazlığı pozulursa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nə ilə məşğuldurlar? Ekologiya və Təbii Sərvətlər Nazirliyi özü hara baxır?
- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Hesab edirəm ki, burada Nazirlər Kabinetinin tərkibinə daxil olan həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanları - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti birgə işləməlidirlər. Hər gün görülən işlər barədə Nazirlər Kabinetinə məlumat verilməlidir. Eyni zamanda, əlavə qayda və normativlərə ehtiyac var. Ekoloji bilikləri kifayət qədər olmayan adamlar məsələnin ciddiliyini başa düşmürlər, bir çox hallarda dövlətin nəcib təşəbbüsünə etinasız yanaşırlar. Ona görə də əhali arasında ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyə bilərlər ki, il ərzində hansısa faktlarla bağlı qanun pozucuları barəsində bu qədər protokol tərtib edilib və filan məbləğdə cərimə olunublar. Məgər bununla məsələ həll olunurmu? Halbuki hər şey qanunla tənzimlənməlidir. Ancaq dövlətin bütün tədbirlərinin fonunda meşələrin qorunmasında müəyyən çətinliklər mövcuddur. Bu gün meşə gözətçiləri sanki meşələrin qorunmasında müəyyən mənada oğruların qarşısında acizdirlər. Əvvəllər meşəbəyilərin bir atı vardı, bir də çiynində qoşalülə tüfəngi. Onunla meşləri çox yaxşı qoruyurdular. İndi isə meşələrin qorunması üçün dövlət tərəfindən onlara hər cürə şərait yaradılıb, yüksək əməkhaqqı, texnika ilə təmin olunublar. Ancaq bununla belə, öz vəzifələrinin öhdəsindən lazımınca gəlmirlər. Əslində, meşə gözətçiləri qoruduqları meşədə nə qədər ağac var, neçəsi qırmızı kitaba düşüb, əzbər bilməlidirlər. Nə qədəri yerindədir, yaxud qırılıb, bu barədə müəyyən edilmiş vaxtlarda hesabat verməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti şöbələri bu kimi işlərə nəzarət etməlidir. Əgər nəzarət, tələb yoxdursa, ekoloji mühitin qorunması qanunsuz balıq ovu, yaxud “Qızılağac” Qoruğunda çöl quşu ovu ilə məşğul olan şəxsləri yaxalamaqla bitmir. Bununla qanunsuz ov edənlərə qətiyyən haqq qazandırmıram. Çünki Qurani-Kərimdə də bildirilir ki, qəsdən ov heyvanı öldürən kimsənin günah qazanması ilə bərabər cəzalandırılması da vacibdir. Ancaq qanunsuz ov etmə ilə müqayisədə meşələrə nəzarət xeyli zəifləyib. Bununla da elə bir vəziyyət yaranıb ki, illərdir meşələrin qırılması ilə bağlı problemlər aradan qalxmır. Meşələrin qanunsuz qırılmasının qarşısı alınmazsa, ağır ekoloji fəlakətlər, erroziya proseslərinin genişlənməsi, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilərik. Deyərdim ki, meşələrin qırılmasında, yandırılmasında meşə işçilərinin bilavasitə ya əli, ya da xəbəri var. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi inkar edə bilməz. Bu, ya səhləkarlıq, ya da vəzifə səlahiyyətlərindən sui-istifadədir. Və bunlar da CM-nin müvafiq maddələri ilə cinayət məsuliyyəti yaradır. Burada bilirsiniz nə düşünürəm? Belə çıxır ki, ölkədə hər şey bir nəfərin çiynindədir. Əgər dövlət başçısı deməsə, hansısa bir işi görmürlər. Bildiyiniz kimi, bütün mərkəzi icra hakimiyyəti orqanları Nazirlər Kabinetinə, yəni Baş nazirə tabedir. Və mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarların yerinə yetirilməsi hamı üçün məcburi xarakter daşıyır. O cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə qəbul etdiyi müvafiq qərarlar. O zaman sual olunur: niyə bu qərarlar işləmir? Niyə bu qərarların icrasına yönələn addımlar atılmır? Yox, əgər qərarlar işləyirsə, həyata keçirilirsə, niyə ictimaiyyətin bundan xəbəri yoxdur?
Qeyd etdiyim kimi, belə çıxır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşən vəzifəni yerinə yetirməsi üçün ali persona (şəxsiyyət) lazımdır və onun çubuğu ilə bunlar hərəkətə gəlməlidirlər. Onda da belə çıxır ki, deməli, öz vəzifə funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirlər. Təbii ki, bu da dövlətçiliyimizə, hökumətimizə fayda gətirməyən haldır. Ona görə düşünürəm ki, hər birimiz, vətəndaş cəmiyyəti də, kütləvi informasiya vasitələri də, hüquq-mühafizə orqanları da belə hallara qarşı ciddi mübarizə aparmalıyıq. Vətəndaş olaraq hər birimizin üzərinə düşən vəzifələrdən biri də vətənə sədaqət göstərməkdir. Vətənə sədaqət göstərməyin bariz nümunələrindən biri də təbiətə qarşı sui-istifadələrlə bağlı faktlar barədə aidiyyəti dövlət orqanlarına məlumat vermək, həmin faktları kütləvi informasiya vasitələrinə ötürməkdən ibarətdir. Çünki ölkə KİV-lərində dərc olunan neqativ hallarla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır və günahkarların əməllərinə hüquqi qiymət verilir, barələrində ən ciddi tədbirlər görülür.
578 dəfə oxundu