“Nəsimi bizə harda olduğunu parollarla deyirdi” - Döyüşən jurnalistin xanımı - MÜSAHİBƏ

“Nəsimi bizə harda olduğunu parollarla deyirdi” -
Qarabağ uğrunda gedən 44 günlük Vətən müharibəsində bəzi jurnalistlərimiz də döyüşçü kimi iştirak etdi. Necə deyərlər, qələmlərini silahla əvəz etdilər. Belə jurnalistlərdən biri də Cumhuriyyet.az saytının rəhbəri, baş leytenant Nəsimi Şərəfxanlıdır.

N.Şərəfxanlı prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.

Jurnalisti xanımı Ruhiyyə Şərəfxanlı Modern.az-a həyat yoldaşı haqqında danışıb.

- Ruhiyyə xanım, Nəsimi bəyin cəbhəyə gedişi necə baş verdi?

- İyulda Tovuz hadisələri baş verən zaman Nəsimi könüllü cəbhəyə getmişdi, düşünürəm ki, o, döyüşlərdə yaxşı iştirak etdiyinə görə yenidən Vətən müharibəsinə də çağırıldı. Nəsimi baş leytenantdır. Müharibəyə heç tərəddüd etmədən getdi. Biz də ona heç nə deyə bilməzdik, çünki vətən üçün gedirdi. İnsanın içində bir az qorxu olur, amma vətən dedinsə, axan sular dayanır.

- Gedəndə sizə nə tapşırdı, nə dedi?

- Çağırış gələn kimi mənə zəng vurdu, dedi ki, axşama qəşəng yemək hazırla, sabah cəbhəyə gedirəm. O qədər sevincli idi ki... Əvvəldən də bilirdim ki, könüllü yazılıb və onu çağıracaqlar.

- Övladlarınız atalarını necə yola saldılar?

­- Uşaqlar hər şeyi başa düşəcək yaşdadırlar, tələbədirlər. Atalarını da fəxrlə müharibəyə yola saldılar. Nəsimi mənim onu yola salmağıma icazə vermədi, uşaqlar və dostları yanınca getdilər. Getdiyi zaman heç nə demədi, amma gözləri onun yerinə hər şeyi ifadə edirdi. Sadəcə bir söz dedi ki, darıxma gələcəm.

- Döyüşlər başlayan zaman nələr düşünürdünüz, həyat yoldaşınızın sona qədər gedəcəyini təxmin edirdinizmi?

- Məndə az da olsa inam var idi ki, əsgərlərimiz axıra qədər gedəcək. Hələ 10 oktyabrda atəşkəs razılığı əldə olunanda bütün Azərbaycan kimi, biz də məyus olmuşduq ki, müharibə niyə dayandı? Davam etsin, torpaqlarımıza qovuşaq. Yəni hər birimizdə belə əhval-ruhiyyə var idi. Nəsimiyə də inamımız böyük idi...

- Nəsimi bəy cəbhədən zəng edəndə nələr danışırdı sizə?

- Elə günlər olurdu ki, zəng çatmırdı, əvvəlcədən xəbər verirdi ki, danışa bilməyəcək. Gecəmiz gündüzümüzə qarışmışdı, biz də evdə özümüz üçün qərargah yaratmışdıq. Mənə elə gəlir ki, müharibə zamanı bütün Azərbaycan bu vəziyyətdə idi.
Nəsimi zəng etməyəndə o qədər həyəcan keçirirdik ki, təsəvvür edə bilməzsiniz... Amma danışdığımız zaman şükür edirdik ki, səsini eşitdik. Son zamanlar görüntülü də danışa bilirik. Özümüzü onunla hiss etsək də, bilirik ki, yanına gedə bilmərik. Bəzən videolar göndərirdi, torpağın üstündə, qarın içində yatdıqlarını görəndə ürəyimiz sızıldayırdı. Hər zaman soruşurduq ki, nəsə yeyibmi, əgər Nəsimi yemək yemişdisə, biz də rahat olurduq, boğazımızdan çörək keçirdi. Susuz, yeməksiz qalan vaxtları da çox olub.

­
“Nəsimi bizə harda olduğunu parollarla deyirdi” -

- Hansı istiqamətdə olduğunu demişdi, yoxsa soradan bildiniz?

- Əvvəldən bizə harda olduğunu parollarla deyirdi ki, nigaran qalmayaq. Məsələn, bizim bir qrup yoldaşımız var idi - Çingiz, Cəbrayıldandı. Nəsimi deyirdi ki, Çingizgildəyəm və ya başqa sözlərlə hiss elətdirirdi. Qubadlı və Laçında da olub. Artıq Laçına çatanda rahatlıqla deyirdi harada olduğunu.

- Uşaqlar ataları ilə danışanda nə düşünür, nə deyirdilər?

- Səsini eşidən zaman şükür edirdik, eşitməyəndə çox pis olurduq. Ancaq internetə, saytlara baxırdıq ki, nə xəbər var, birdən nəsə olar bilmərik. Bütün günümüz internetin, televizorun qarşısında keçirdi.
Uşaqlar da dediyim kimi, böyük yaşdadırlar, ağılları hər şeyi kəsir, özlərini tox tuturdular...

- Yəqin ki, bir döyüşçü xanımı olmaq sizdə hansısa hislər yaradıb, o hisləri necə ifadə edərdiniz?
“Nəsimi bizə harda olduğunu parollarla deyirdi” -


- Çox qürurverici hislərdir, sözlə ifadə etmək çətindir. Qalib əsgərin həyat yoldaşı, ailəsi olmaqla fəxr edirəm.
Gözləyirəm ki, bəlkə də Nəsimi müharibə mövzusunda kitab yazacaq, orada yaşadıqları haqqında bəhs eedəcək. Biri var döyüşdə gördüklərini adi hərbçi danışsın, biri də var ki, orada yaşananlar jurnalist qələmindən çıxsın. İkisi arasında çox fərq var..
Nəsiminin tərxis olunmağını çox səbirsizliklə gözləyirik. Fikirləşirəm ki, o gələndə necə davranım, necə qulluq edim ki, döyüşçü adına layiq olsun. Arada Nəsimiyə deyirdim ki, bizim də yerimizə erməni öldür. Bizim də əvəzimizdən qisas al. Deyirdi ki, narahat olmayın burada hər kəsin qisasını alırıq.

- Heç deyibmi sizi azad olunmuş hansı bölgəmizə gəzməyə aparacaq?

- Daha çox Cəbrayıldan, Laçından xoşu gəlir. Laçının qarlı dağlarından o qədər ağızdolusu danışır ki, adam durub elə indi oralara getmək istəyir.

- İki oğlan övladınız var, onlardan hansısa gələcəkdə hərbçi olmağı düşünürmü?

- Hərbçi olmaq barədə yox, amma əsgərliyə getmək barədə düşünürlər. Hətta böyük oğlum istəyirdi ki, universitetini dondurub müharibədə iştirak etsin. Amma atası dedi ki, sən hazırlaşıb gələnə kimi müharibə bitəcək, 3 aya qalmayacaq.

- Nəsimi bəy baş leytenantdır, onun əsgərlərindən şəhid olanlar, yaralananlar olubmu?

- Bizə bu barədə danışmayıb, amma müəyyən vaxtlar zəng edəndə çox kefsiz olurdu, əhval-ruhiyyəsindən hiss edirdik ki, pis xəbərlər var. Məsələn, sonradan bildik ki, Milli Qəhrəman Şükür Həmidov Nəsimi ilə birlikdə döyüşüb, şəhid olub. Allah rəhmət eləsin!

- Şükür Həmidovla bağlı nə isə danışırdımı?

- Demişdi ki, “Şükür Həmidov döyüşə tankın üstündə gedir, əsgərləri ruhlandırmaq üçün öndə olur, heç nədən qorxmur. O belə etdikcə əsgərlərdə də ruh yüksəkliyi yaranır”. İgid insan idi. Allah rəhmət eləsin...


- Hazırda cəbhədə olan əsgərlərimizin ailələrinə nə demək istərdiniz?

- Bütün əsgərlərimiz şəhidliyi gözə alıb, ailələrini, övladlarını geridə qoyub müharibəyə qatılmışdı. Hamı bir amal uğrunda birləşmişdi. Bu müharibədə hər şeydən öncə vətən idi, torpaqlarımızı geri almaq istəyi hər şeyi üstələyirdi. Hamı qalibiyyət üçün çalışırdı. Canlarından keçən şəhidlərimiz oldu, hər birinə Allah rəhmət eləsin. Yaralılara Allah şəfa versin, əsgər ailələrinə səbr diləyirəm! İnşallah, hər şey yaxşı olacaq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...