Həbsdəki korrupsioner məmurların qəzet “davası”

Həbsdəki korrupsioner məmurların qəzet “davası”
Mehman Sadıqov: “Bizim üçün sıravi vətəndaş və ya nazir anlayışı yoxdur, həbs edilmiş şəxs var”
Bu gün Azərbaycan türmələrində sabiq məmurlardan ibarət bir komanda var: sabiq səfir Eldar Həsənov, keçmiş sosial müdafiə naziri Səlim Müslümov, Ağstafanın başçısı olmuş Nizaməddin Quliyev, Yevlağın eks başçısı Qoca Səmədov, Neftçalanın başçısı olmuş İsmayıl Vəliyev, Biləsuvarın başçısı Mahir Quliyev, İmişlinin başçısı Vilyam Hacıyev, Kürdəmirin başçısı Ceyhun Cəfərovdur və başqa məmurlar. Pul-paradan korluq çəkməyən arestantlar “içəri”də günlərini necə keçirirlər? “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, icra başçılarından biri hər gün qəzet davası döyür, tez çatdırılması üçün nəzarətçilərdən tutmuş yaxınlarına qədər hər kəsi “danlayır”.

2004-cü ildə təsdiqlənən “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na görə məhkumlar maneəsiz olaraq qəzet və jurnallara abunə ola, istədikəri kitabları oxuya bilərlər.
Qaydaların 97-ci bəndində yazılıb:
– Məhkumlara bağlama, sovqat və banderol ilə, habelə şəxsi hesablarında olan vəsait hesabına məhdudiyyət qoyulmadan yazı ləvazimatı, ədəbiyyat almağa, qəzet və jurnallara abunə yazılmağa icazə verilir. Əldə olunmuş ədəbiyyat cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilmiş bağlama və banderolların sayına daxil edilmir.
Həmin qaydaların “Cəzaçəkmə müəssisələrində kitabxana işi” bəndində də məhkumların qəzet, jurnal, kitab oxumaq hüquqları tanınır:
– Məhkumlara cəzaçəkmə müəssisələrinin kitabxanalarında olan ədəbiyyatdan, habelə qəzetlərdən istifadə etməyə icazə verilir. Kitabxanaların kitab fondu hər məhkumun azı 5 kitabla təmin edilməsi hesabı ilə yaradılır. Həbsxanalarda, kamera tipli otaqlarda, xüsusi rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik kameralarında kitablar on gündə bir dəfədən az olmayaraq dəyişdirilir. Kitabxana fondu müəyyən edilmiş normalar həddində hər il təzələnir. Məhkumlara, 50 nəfərə bir qəzet hesabı ilə Azərbaycan Respublikasında nəşr edilən qəzetlər verilir. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində və həbsxanalarda bir kameraya ən azı bir qəzet verilir. Əgər kamerada 20 nəfərdən artıq məhkum saxlanarsa əlavə qəzet verilir.
Qaydanın 59.12-ci bəndində isə qəzet, jurnal və kitabla bağlı qadağalar yer alır:
– çarpayılara, divarlara, dolabçalara qəzet və jurnallardan kəsilmiş şəkillər, fotoşəkillər yapışdırmaq və ya asmaq qadağandır.
Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov “Yeni Müsavat”a deyib ki, qəzet və jurnallar gündəlik olaraq cəzaçəkmə müəssislərinə və təcridxanalara göndərilir: “Məhkumlar ölkədə çap olunan və qadağan olunmayan qəzetlərə abunə ola bilərlər. Cəzaçəkmə müəssisələri kifayət qədər qəzetlərə abunə yazılıb. Əgər cəzaçəkmə müəssisəsi hansısa qəzetə abunə yazılmayıbsa, məhkumun özünün, onun yaxınlarının ixtiyarı var ki, həmin qəzetlərə öz hesablarına abunə yazılsın və oxusun. Elə hallar da kifayət qədər çoxdur. Bu məsələ ilə bağlı hər hansı bir problem yoxdur”.
Xidmət rəisi deyib ki, qəzet və jurnalları oxuması üçün məhkumun və ya həbs edilmiş şəxsin mütləq şəkildə kitabxanaya getməsi şərt deyil: “İstəsə, saxlanıldığı kamerada qəzet və kitab oxuya bilir”.
Mehman Sadıqov qəzet və jurnallara həbsə alınan sıravi vətəndaşın da, nazirin də abunə yazıla biləcəyini də açıqlayıb: “Bizim üçün sıravi vətəndaş və ya nazir anlayışı yoxdur, həbs edilmiş şəxs var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...