Milli Məclisdə diffamasiya ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə diffamasiya ilə bağlı dinləmə keçiriləcək
Milli Məclisin İnsan hüquqları komitəsi yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil edəcək.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, mətbuat azadlığının gücləndirilməsi, beynəlxalq indekslərlə nə qədər barışmasaq da, müəyyən problemlərin aradan qaldırılması üçün diffamasiya ilə bağlı məsələləri komitənin gündəliyinə daxil ediblər: “Apardığımız tədqiqatlar çərçivəsində təkliflərimizin müəyyən hissəsi qanunvericilik bazası ilə əlaqədardır. Müxtəlif maraqlı dairələri dəvət edərək bu yöndə qanunvericiliyin tətbiqinin mümkünlüyü ilə bağlı dinləmələrin keçirilməsini planlaşdırırıq. Məsələ ətrafında əvvəlki illərdə aparılmış müzakirələri uğurlu yekunla tamamlamaq niyyətindəyik. Diffamasiya bunun bir hissəsidir”.

Parlamentin komitə sədri qeyd edib ki, jurnalist öz peşə fəaliyyətinə görə cinayət məsuliyyəti daşımır: “Amma onun mülki, inzibati məsuliyyəti qalır. Belə olan halda bu ətrafda məsələləri həll etməyə ehtiyac var. Mətbuat anlayışı böyük transformasiyaya uğrayıb, artıq sosial şəbəkələri, digər bütün internet resurslarını özündə ehtiva edir. Kimsə bu sferada qadağa xarakterli addımları, senzura tədbirlərini hədəfləmir. Lakin ictimai münasibətlər inkişaf etdikcə mətbuat sahəsində də hüquqi qanunvericilik istiqamətində yenilənmələrə ehtiyac duyulur və bu sahədə QHT-ləri, beynəlxalq qurumları dövlətlə əməkdaşlığa cəlb etmək olar. Beynəlxalq qurumlar yalnız tənqidi münasibətlər, qara hesabatlar dərc etməklə deyil, fərqli bir istiqamətdə əməkdaşlığa yönələ bilər. Bununla Azərbaycanın gələcəkdə mühüm mətbuat institutunun formalaşmasını təmin etmək mümkün olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...