Azərbaycanda ilk dəfə jest dili lüğətinin ilk veb səhifəsi hazırlanır
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq. Belə ki, veb səhifədə jestlərin şəkilləri, videoları, eyni zamanda jestlərin göstərilməsi ilə bağlı izahedici mətnlər yerləşdiriləcək. Veb saytın digər üstünlükləri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Lüğətdə 3000-ə yaxın sözün jest dilində tərcüməsi göstəriləcək. Qeyd edək ki, “Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Bundan başqa, saytın mobil versiyası da hazırlanacaq.
“Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, jest lüğətinin elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə bir neçə qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. “Doğma jest dili” lüğətinin elektron formada olması ilə eşitmə məhdudiyyəti olan uşaqların valideynləri və onların yaxınları daha çox söz toplusu əldə edə biləcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Veb səhifədə sözlərin şəkillər və videolarla izahı ilə yanaşı, jest dilinin mimika ilə ifadə edilən işarələrini də görmək mümkün olacaq. Layihənin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə RİİB-ə və “Nar”a təşəkkür edirik”.
Xatırladaq ki, “Karlara Dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır. Qeyd edək ki, “Nar” bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda “Təlim məktəbi” təşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
1272 dəfə oxundu