Ali təhsillə bağlı mühüm qanun layihəsinin ilkin variantı hazırlandı

Ali təhsillə bağlı mühüm qanun layihəsinin ilkin variantı hazırlandı

Milli Məclis sədri Sahibə Qafarovanın tövsiyələri və daxil olan təkliflər nəzərə alınmaqla “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev məlumat verib.

B.Əliyev həm də “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəridir.

O qeyd edib ki, ilk dəfə hazırlanan bu qanun layihəsində Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınıb. Bu isə ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib.

Sənəd ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi, iqtisadi əsaslarını, təhsilalanların, təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini deyib.

Deputat sənəddə dünya təhsil sistemindəki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri, özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirib.

“Ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb. Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələlərə də sənəddə geniş yer verilib”, - deyə B.Əliyev əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...