Polad Həşimovla birgə döyüşmüş şəhid gizir - VİDEO

Polad Həşimovla birgə döyüşmüş şəhid gizir -
Mayın 11-də 44 günlük Vətən müharibəsi şəhidi gizir Zəmanət Gülhəsən oğlu İbrahimovun 32 yaşı tamam olub. İlk dəfə idi ki, ailəsi və valideynləri onsuz ad günü keçirib.

“Report”un Aran bürosu xəbər verir ki, Z.İbrahimov ötən il sentyabrın 27-də Vətən müharibəsi başlanan ilk gündən döyüşlərdə iştirak edib. Müharibə başlamazdan bir gün əvvəl isə valideynləri və ailəsi ilə əlaqə saxlayıb.

Sentyabrın 28-də gizir Zəmanət İbrahimovun nəşi doğulduğu Sarvan kənd qəbiristanlığında torpağa tapşırılıb. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidimizin Abdulhəsən və Səma adlı iki övladı var.

Şəhidin anası Səidə İbrahimova bildirib ki, heç vaxt işi ilə bağlı danışan deyildi: "Sentyabrın 26-sı axşam tərəfi evə zəng etmişdi. Mənə dedi ki, ana, özündən muğayat ol. Dedim, sən özündən muğayat ol, anan qurban. Dedi, mən yaxşıyam. Sən özündən və atamdan da muğayat ol".


Şəhidin atası Gülhəsən İbrahimov qeyd edib ki, Tərtər rayonunun Talış kəndi istiqamətində çox çətin və ağır döyüş olub: "Zəmanətin komandiri Natiq Əzizov bizə gəlmişdi. O da dedi ki, Zəmanət çox gözəl və tərbiyəli idi. Mən onun kimi post başçısı görmürəm. Çox gözəl post başçısı olub".

Şəhidimizin həyat yoldaşı Sevinc İbrahimova isə deyib ki, kəndə girəndə görüb ki, bayraq asılıb: "Hələ də inanmırdım. Atamgil tutdular ki, gəl, Zəmanət yoxdur. Dedim yox, Zəmanət yuxarıdadır. Bəs mənə dediniz yaralıdır? O, yaralıdır, yuxarıda məni gözləyir".

Qeyd edək ki, Z.İbrahimov 1989-cu ilin mayın 11-də ildə Salyan rayonunun Sarvan kəndində anadan olub. Kənd tam orta məktəbini bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2009-cu ildə xidmətini başa vuraraq doğma ocağa qayıdıb. Elə həmin il Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət motoatıcı manqa komandiri kursunu bitirib. Gəncədə “N” saylı hərbi hissədə hərbi xidmətdə olan qəhrəmanımız 2011-ci ildə könüllü olaraq Murovdağda xidmətə başlayıb. 8 il Murovdağda xidmət etdikdən sonra gizirlik kursunu bitirib. Gizir rütbəsini aldıqdan sonra isə Goranboy rayonundakı hərbi hissələrin birinə təyinat alıb. 3 aylıq xidmətdən sonra könüllü olaraq ön cəbhəyə yollanıb. 2016-cı il aprel döyüşlərində general Polad Həşimovla çiyin-çiyinə döyüşüb. Şəhid olana kimi ailəsi bundan xəbər tutmayıb.

Allah rəhmət eləsin!




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...