“Karantin rejimində yol qəzalarının sayı azalmayıb” - Hande Harmancı
“Hər 24 saniyədə yol qəzalarında 1 nəfər dünyasını dəyişir”.
APA-nın məlumatına görə, bunu BMT-nin təşəbbüsü ilə 6-cı qlobal yol təhlükəsizliyi həftəsi çərçivəsində keçirilən tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, yol qəzaları uşaq və gənclər arasında əsas ölüm səbəblərindəndir: “Yol qəzaları nəticəsində 20-50 milyon insan qeyri-ölümcül xəsarət alır və onların bir çoxu aldıqları zədələrdən əlil olurlar”. H.Harmancı qeyd edib ki, yüksək sürət yol nəqliyyat hadisələrinə səbəb olan əsas səbəblərdən biridir: “Yüksəkgəlirli ölkələrdə yollarda hər 3 ölümdən biri sütətlə əlaqələndirilir. Hesablamalara görə, nəqliyyat vasitələrindən istifadə edənlərin 40-50 faizi sürət həddini aşır. Bu zaman ölüm və xəsarət alma riski xeyli artır. 2020-ci ilin əvvəlindən etibarən pandemiya ilə əlaqədar karantin rejimi çərçivəsində nəqliyyat vasitələrində hərəkətlilik azalıb, amma ölüm halları eyni qalıb, azalmayıb. Çünki insanlar daha yüksək sürətlə hərəkət edirlər”.
Onun sözlərinə görə, 2021-2030-cu illəri əhatə edən Yol təhlükəsizliyi üzrə 10 illik fəaliyyət planı 2030-cu ilədək yol nəqliyyat qəzalarında ölənlərin və yaralananların ən az 50 faiz qarşısının alınmasına hədəflənib: “Statistikaya əsasən, piyadaların 30 km/saat sürətlə hərəkət edən avtomobil tərəfindən vurulması zamanı sağ qalma ehtimalı 99 faizdir. Bundan əlavə dəlillər göstərir ki, 30 km/saat sürətli küçələr həyatları xilas etməklə yanaşı piyadanı gəzintiyə, velosiped sürməyə təşviq edir. Bu, ÜST-ün Azərbaycanda başlamağa planlaşdırdığı “Sağlam şəhərlər” təşəbbüsünün məqsədləri ilə də üst-üstə düşür”.
849 dəfə oxundu