“Jurnalistlər Ermənistan siyasətinin qurbanına çevrildi” - Korotçenko
Kəlbəcərdəki faciə bir daha göstərdi ki, Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritəsi Azərbaycana verilmədiyi müddətdə hər zaman partlayış riski olacaq.
“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Rusiyada dərc olunan “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, işğalçılar müxtəlif növ minalardan istifadə edib.
“Bəlkə də burada belə bir hal yaranıb ki, birinci deyil, ikinci, üçüncü və ya dördüncü maşın partladı. Belə minalar mövcuddur. Aydındır ki, dəqiq xəritə olmadan, partlayış riski böyük olaraq qalır. Mən özüm həm Füzuli, həm də Ağdam rayonlarında, o cümlədən Füzuli və Ağdam şəhərlərində omuşam, orada təhlükə hər zaman və hər yerdə var”, - deyə o, bildirib.
Bu səbəbdən hərbi ekspert Ermənistana təzyiq göstərməyə və İrəvanı bu xəritələri verməyə məcbur etməyə çağırıb:
“Ayrıca, üçtərəfli razılaşma çərçivəsində, məsələn, Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirinin müavinləri səviyyəsində bu məsələnin baxılacağı xüsusi bir qrup yaratmaq lazımdır. Ermənistan bu tələbi yerinə yetirməlidir, çünki bu humanitar xarakter daşıyır. Minalara Rusiya sülhməramlıları, Azərbaycan vətəndaşları və elə Qarabağ erməniləri də düşür. Beləliklə, bu problem artıq regional aspekti keçir və beynəlxalq miqyasa çatır”, - deyə hərbi ekspert bildirib.
O, məsələni bütün səviyyələrdə qaldırmağın və dəfələrlə tələb etməyin, təzyiq göstərməyin, siyasi və iqtisadi sanksiyalar tətbiq etməyin zəruriliyini vurğulayıb:
“Bu baş verənə qədər isə Azərbaycana ancaq qabaqcıl metodlardan istifadə etməklə minatəmizləmə işini davam etdirmək qalır. Rusiyanın minaya qarşı mübarizə mərkəzi və istehkamçı robotları var, onun təcrübəsi faydalı ola bilər. Təəssüf ki, minalanmış ərazilərin xəritələrinin verilməsini gözləmək uzun çəkə bilər, ancaq problem bu gün həll edilməlidir”.
“Əlbətdə ki, vəzifə borclarını yerinə yetirən jurnalistlərin Ermənistan siyasətinin qurbanına çevrilməsi faktı təəssüf hissi doğurur. Düşünürəm ki, beynəlxalq jurnalist birlikləri burada öz münasibətlərini bildirməlidirlər. Bəlkə də Rusiya Jurnalistlər Birliyinin buna bənzər müraciət etməsi lazımdır. Biz hamımız həmkarıq, bu ümumi problemdir, hər kəsə aiddir, buna görə bir-birimizə dəstək olmalıyıq”, - deyə ekspert əlavə edib.
Korotçenkonun sözlərinə görə, bu problem Ermənistan-Azərbaycan münasibətləri çərçivəsindən kənara çıxır.
“Bu vəziyyətdə həm Avropa, həm də beynəlxalq jurnalist strukturları ilə əlaqə qurmalıyıq. Burada jurnalistlərin güclü səsinə ehtiyac var, çünki həmkarlarımız həlak olub və bu, İrəvanın münasibətinə görə baş verib”, - deyə İqor Korotçenko sözlərini yekunlaşdırıb.
1564 dəfə oxundu