DYP yollarda gizli radarların quraşdırılması iddiasına münasibət bildirib

DYP yollarda gizli radarların quraşdırılması iddiasına münasibət bildirib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarədən "Report"a verilən məlumatda deyilir:

"Bəzi şəxlər sosial şəbəkələrdə və internet saytlarda guya “yol polisi yollarda gizli radarlar quraşdırır, maksimum sürət həddini göstərən yol nişanlarını tez-tez dəyişir və ya qayda pozmasalar belə sürücüləri cərimələyir” kimi fikirlər səsləndirirlər. Bildiririk ki, bu deyilənlərin heç bir əsası yoxdur, çünki radarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdir, BDYPİ-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunub və inzibati xəta törədilməsinə dair məlumatlar real vaxt rejimində elektron formada birbaşa həmin sistemə ötürülür.

Bununla yanaşı, "Yol hərəkəti haqqında" Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.

Qeyd olunan məsafələrdə bu iki nişandan biri olduğu halda, sürücülər tərəfindən yollarda sürət həddinin aşılması kimi qayda pozuntularının aşkarlanmasında foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən (mobil və ya stasionar radarlardan) istifadə olunması həm qanunvericiliyin tələblərinə uyğundur, həm də belə inzibati xətaların qarşısının alınması üçün bu gün başqa hər hansı üsul yoxdur.

Radarların, həmçinin yollarda maksimum sürət həddini göstərən nişanların quraşdırılması bütün dünyada olduğu kimi, Azərbaycanda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, ağır qəzaların qarşısının alınmasına hesablanıb və ora heç bir müdaxilə oluna bilməz. O ki qaldı stasionar radarlardan başqa patrul avtomobillərində olan mobil radarlardan (e-patrul) yeri dəyişdirilməklə istifadə olunması, bu, dünyanın bir çox ölkəsində tətbiq edilən vasitədir. Bu metod sürücüləri yollarda arxayınlaşmaqdan çəkinməyə vadar edir. Belə ki, sürücülərin çoxu yollarda radarların yerini əzbər bildiyi üçün həmin xüsusi texniki vasitələrə yaxınlaşanda sürət rejiminə əməl edir, daha sonra isə sürət həddini aşırlar. Belə olan halda yol polisi təhlükəsizliyin təmin edilməsi, qayda pozuntularının qarşısının alınması məqsədilə bəzən radarların yerini dəyişməyi üstün tutur. Bununla da sürücülər yol-hərəkəti qaydalarına əməl etməyə məcbur edilir. Görülən bu kimi tədbirlər sayəsində Azərbaycanda son illər yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalar zamanı ölən və yaralananların sayının azalmasına nail olunub. Nəzərə almaq lazımdır ki, statistik rəqəmlərə əsasən hər il ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili aparılarkən sürət həddinin aşılması ön sıralarda durur, yəni yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri kimi sürət həddinin aşılması danılmaz faktdır.

Xarici dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar hər il dövlətlərə çağırış edərək sürət rejiminə nəzarət edilməsinin vacibliyini önə çəkir, eyni zamanda bəzi yollarda sürət həddinin aşağı endirilməsini təklif edirlər. Göründüyü kimi, dünya səviyyəsində sürət rejiminə ciddi nəzarətin həyata keçirilməsi prioritet məsələdir. Azərbaycanda da bu istiqamətdə çox addımlar atılır. Radardan narahat olan sürücülər ilk növbədə özlərinə sual verməlidirlər ki, əgər qayda pozulmasa, sürət həddi aşılmasa sürücü radara düşmürsə, o zaman onları narahat edən nədir? Təbii ki, intizamsız sürücülər yollarda heç bir nəzarət sisteminin olmamasını istəyirlər. Bu isə yolverilməzdir. Nəzarət olmadıqda yol-nəqliyyat hadisələrinin sayı artar, insanların həyatı təhlükəyə düşər, onlar arasında ölüm və xəsarət alma, maddi zərərə düşmə halları da çox olar.

Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri radarların mövcudluğuna görə narahat olmaqdansa, yol hərəkəti qaydalarına, eləcə də sürət rejiminə ciddi əməl etməyə çağırır və bir daha bildiririk ki, qayda pozmayan sürücü nə radara düşür, nə də əsassız cərimə olunur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...