“Qurban Qurbanova demək lazımdır ki, ot örtüyünə nəzarət olunmalıdır”

“Qurban Qurbanova demək lazımdır ki, ot örtüyünə nəzarət olunmalıdır”
Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev stadionun ot örtüyünün vəziyyəti ilə bağlı səsləndirilən tənqidlərə cavab verib.

Ş. Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, stadion haqda səsləndirilən iradları həqiqətə uyğun hesab edir: “Bilirsiniz, mənə yazırlar ki, yəqin sizin mətbuatda və sosial şəbəkələrdə yazılanlardan xəbəriniz var. Xüsusilə vurğulamaq istəyirəm ki, 2015-ci ilin yanvar ayında Tofiq Bəhramov Stadionu ilə “Qarabağ” arasında müqavilə bağlanılıb. Bu müqavilənin əsasında da stadionun ot örtüyü ilə təmin olunması və saxlanılması “Qarabağ”ın məsuliyyətindədir. Orada ot örtüyünə cavabdeh qurum onların özləridir.

Tez-tez stadionun rəhbərliyinə və Gənclər və İdman Nazirliyinin ünvanına həmin irad səsləndirilir. Mənim stadionun rəhbəri olaraq ot örtüyü ilə bağlı hər hansısa qərar verməklə bağlı bir səlahiyyətim yoxdur. Çünki məsuliyyət onların üzərindədir. Bütün bu məsələlərə nəzarət edən “Qarabağ” nümayəndələridir. Ona görə də məsələni dəqiqləşdirib danışmaq lazımdır. Sənəddən xəbəri olmayan insanlar yazır".

Stadionunun direktorunun sözlərinə görə, müqavilənin şərtində də ot örtüyündən əlavə, stadionun soyunub-geyinmə, həmçinin, işçi otaqlarının hamısının “Qarabağ”ın məsuliyyətində olması barədə bənd var: "Dünən də Qurban Qurbanov açıqlama verib ki, ot örtüyü yaxşı deyil. Onlara demək lazımdır ki, əməkdaşlarına bildirsinlər ki, ot örtüyünə nəzarət etmək lazımdır”.

Ş. Quliyev vurğulayıb ki, stadionda heç bir kanalizasiya xətti yoxdur: “Nəinki kanalizasiya, ümumiyyətlə, oradan heç bir kommunikasiya xətti də keçmir. Drenajdan axan sular da axıb gedir stadionun ot örtüyünə. Lakin qapıların arxa hissəsində kanalizasiya sistemi var. Ora axır, oradan da ümumi kanalizasiya xəttinə birləşərək gedir. Orada ot örtüyünün arasında heç nə tapa bilməzsiniz”.

Komandanın ot örtüyünün səliqəyə salınmasında maraqlı olub-olmaması məsələsinə Ş. Quliyev belə cavab verib: "Bu məsələnin komanda üçün maraqsız olduğunu desəm, yalan olar. Çünki hər gün gözümün qabağında olan yerdir. İnandırım sizi, gübrəsi, dərmanı vaxtlı-vaxtında verilir. Lazım olanda toxum səpilir. Otun harasındasa əyri-əskiklik olan zaman toxum səpilir. Suvarma da ideal vəziyyətdə həyata keçirilir.

Komanda da ot örtüyünün niyə bu cür vəziyyətə düşməsinin səbəbini tapa bilmir. Mütəxəssislərlə məsləhətləşmələr aparılır. Mən belə düşünürəm ki, dünənki vəziyyət son nöqtə oldu və bu məsələnin həlli yolunda addımlar atılacaq”.

Xatırladaq ki, ötən gün “Qarabağ” sözügedən stadionda Şotlandiya təmsilçisi “Aberdin”lə qarşılaşıb və rəqibini 1:0 hesabı ilə məğlub edib. Matç nəticəsi ilə bərabər, stadiondakı vəziyyətlə də gündəmə gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...