Xalq artistinin küçələrdə yaşayan oğlu ilə bağlı dövlət qurumundan AÇIQLAMA
Sosial şəbəkələrdə mərhum xalq artistləri Səyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz Aslanın görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, bir müddət əvvəl də onun küçədə qalması və psixoloji vəziyyətinin yaxşı olmaması ilə bağlı məlumatlar yayılmışdı.
Ötən gün yenidən bir sıra xəbər saytlarında Çingiz Aslanovla bağlı məlumatlar paylaşılır, onun ciddi köməyə ehtiyacı olduğu yazılır.
Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub:
“Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb edilməsi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq”.
738 dəfə oxundu