Vilayət Eyvazov Rusiyaya gedəcək kursantları qəbul edib

Vilayət Eyvazov Rusiyaya gedəcək kursantları qəbul edib
Daxili işlər naziri RF DİN-nin Polis akademiyalarına ezam ediləcək kursantları qəbul edib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gundeminfo.az-a verilən məlumata əsasən sentyabrın 29-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Polis akademiyalarında təhsil almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ezam ediləcək kursantları qəbul edib.

Qarşıdakı 5 il ərzində Azərbaycan Polisini Rusiyada təmsil edəcək gəncləri təbrik edən nazir, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib. Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən daxili işlər orqanlarında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Sonra DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov məlumat verib ki, iki ölkənin Daxili İşlər Nazirlikləri arasındakı razılaşmaya əsasən, bu il Azərbaycan DİN-ə RF DİN-nin Moskva və Rostov şəhərlərindəki Polis Akademiyalarında 15 yer ayrılıb. Həmin yerlərə qəbul üçün elan edilmiş müsabiqəyə 45 namizəd qatılıb. Nazirliyin müvafiq komissiyası tərəfindən müsabiqə tam şəffaflıq şəraitində keçirilərək namizədlərin Dövlət İmtahan Mərkəzində topladığı balları, rus dilində yazı qabiliyyəti və şifahi nitq bacarıqları, eləcə də fiziki hazırlığı əsas götürülərək ən layiqli 15 abituriyent seçilib.

Nazir, general-polkovnik Vilayət Eyvazov həyatlarında ən əlamətdar günlərdən biri – kursant adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, Vətəndən kənarda alacaqları təhsildə uğurlar arzulayıb. O, gənc əməkdaşlara dövlətimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələrini tövsiyə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...