“Jurnalist sorğu keçirərkən DİN-ə məlumat verməlidir” – Ehsan Zahidov
Anews.az saytının əməkdaşları Bakının "28 May" metro stansiyası ətrafındakı ərazidə paytaxt sakinləri arasında sorğu keçirərkən onların işi mülki geyimdə olan, amma özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən əngəllənib. Sənədini göstərməyən şəxs sorğu keçirtmək üçün öncədən Daxili İşlər Nazirliyindən (DİN) icazə almağın vacibliyini diqqətə çəkib.
Məsələ ilə bağlı saytın DİN mətbuat xidmətinə ünvanladığı sorğuya cavab olaraq bildiriblər ki, sorğu ilə bağlı öncədən polisdən icazə alınmalı , siyasi mövzuda sorğuların keçirilməsi isə, ümumiyyətlə, yasaqdır.
DİN mətbuat katibi Ehsan Zahidov isə sorğu keçirən şəxsin səlahiyyətinin olmasının tələn edildiyini bildirib:
"Sizin sorğu keçirtmək səlahiyyətiniz olmalıdır və hər yerindən duran əlinə bir mikrafon alıb camaatı sorğu sual edə bilməz. Bütün hallarda sorğu keçirdən jurnalist öz niyyyətini bildirməlidir. Mətbuat şurası və eləcə digər aiddiyatı qurumlara bu barədə jurnalist müraciət etməlidir. Həmin qurumlar da DİN-ə bu barədə məlumat verməlidir", deyə Ehsan Zahidov bildirib.
"KİV haqqında qanunun" 8-ci maddəsinə əsasən Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz", deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistin küçə sorğusu zamanı polis tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyindən icazə almadığınız halda sorğu keçirə bilmərsiniz tələbinə münasibət bildirərkən deyib.
"Jurnalistin fəaliyyəti bəzi hallarda məhdudlaşdırla bilər. Həmin məhdud səbəblər KİV haqqında qanunda öz əksini tapıb. Qalan bütün hallarda jurnalist azaddır. İstədiyi mövzunu istədiyi formada hazırlayıb yaymaq haqqına malikdir. Əgər ortada hərbi vəziyyət varsa, çəkiliş və ya informasiya qapalı və dövlət sirrini pozursa bu zaman jurnalistin fəaliyyətinə məhduddiyyət qoyula bilər. İnformasiya toplayarkən jurnalist hər hansı bir məmur, icra nümayəndəsi və ya DİN əməkdaşı tərəfindən qadağa ilə rastlaşırsa bu zaman həmin qurumun mətbuatla əlaqəli səlahiyyətli şəxsinə məlumat verməlidir. Jurnalistlər və polislər arasında maarifləndirmə işləri aparılmalıdır. Jurnalist bilməlidir ki, o hardasa sorğu keçirtmək üçün kimdənsə icazə almalı deyil və ya hər hansı qurum buna görə jurnalistə icazə verib verməmək səlahiyyətinə malik deyil", - deyə Əflatun Amaşov qeyd edib.
Medianın İnkişaf Agentliyindən məsələ ilə bağlı anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericilikdə media nümayəndəsinin hər hansı reportaj və material hazırladığı vaxt hansısa qurumdan icazə alması nəzərdə tutulmayıb.
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, DİN əməkdaşı jurnalistin fəaliyyətinə mane olursa bu zaman öz səlahiyyətlərini pozur.
"KİV" haqqında qanunun 8-ci maddəsi jurnalistə icazə verir ki, o istəyi zaman istədiyi yerdə informasiya toplasın. Azərbaycanda dövlət senzurası qadağandır. Kimin deməsindən asılı olmayaraq qanunsuz yanaşmadır. İnzibati xətalar məcəlləsinin pozulmasını əsas gətirməklə həmin şəxs cərimə oluna bilər.
"Yeni Nəsil" Jurnalist Birliyinin sədri Arif Əliyevin fikrincə isə, ölkə ərazisində sorğu keçirmək üçün kimdənsə icazə almaq kimi qayda və normativ yoxdur.
"DİN rəsmilərinin hansı ərazidə sorğu keçirilməsinə icazə verib verməməsi qanuna ziddir. İnformasiya əldə etdiyi zaman jurnalistə qeyri qanuni maneələr yaratdığı üçün jurnalist həm OMBUSDMAN aparatı, həm DİN-ə şikayət formasında müraciət edə bilər. Ən sonuncu vasitə kimi isə polisi məhkəməyə verə bilər", - deyə Arif Əliyev vurğulayıb.
Turan İnfromasiya agentliyinin rəhbəri Mehman Əliyev də jurnalistin informasiya əldə etmək üçün heç kimdən icazə almalı olmadığını dedi.
"Qanunda bununla bağlı hər hansı məhduddiyyət yoxdur. əgər həmin ərazi dövlət sirrini pozacaq informasiyadırsa bu zaman məhdudiyyət ola bilər. Adi küçələrdə hətta DİN qarşısında şəkil video çəkmək qadağası yoxdur. Əgər DİN belə bir qadağa qoyursa bu zaman qarşı tərəfə rəsmi şəkildə sənəd təqdim etməlidir ki, bu qanun və qaydaya görə jurnalist informasiya və ya çəkiliş apara bilməz".
780 dəfə oxundu