“KİVDF-yə bilavasitə rəhbərliyi Əli Həsənov edirdi"

“KİVDF-yə bilavasitə rəhbərliyi Əli Həsənov edirdi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sayad Vəliyeva ifadə verib.

O, "Starloqistik" şirkətində rəhbər olduğunu deyib: “Şirkətdə dəftərxana malları satırdıq. Oranın direktoru atamın sürücüsü Çingiz Həsənov idi. 2019-cu ildə Çingiz işdən çıxarıldı və mən ora rəhbər təyin edildim. Vüqar Səfərlini isə tanımıram. Şirkətin direktoru təyin olunandan sonra onunla aramızda hər hansı bir alqı-satqı olmayıb. Atam rəhmətə getdi, 2020-ci ildə şirkət fəaliyyətini dayandırdı”.

Daha sonra digər şahid Mirsəid Ağayev dindirilib. Onun sözlərinə görə, təqsirləndirilən V.Səfərlinin işçisi olub və ləğv edilmiş KİVDF-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində çalışıb: “Fondda texniki işlərlə məşğul olmuşam, çəkilişlər etmişəm. Həmçinin tender komissiyasının üzvü də olmuşam, amma bu işlə bağlı fəaliyyət göstərməmişəm. Fonda avadanlıq alınanda bu işlərə mən baxırdım. Tenderlə bağlı saytda və qəzetlərdə elan verirdik".

Məhkəmədə şahid qismində KİVDF-nin aparıcı məsləhətçisi çalışmış Samir Mustafayev ifadə verib. O bildirib ki, ləğv edilmiş Fondda rəsmi yazışmalar, hesabatlar, təbdirlərin təşkili və qurumun mətbuat xidməti funksiyalarını həyata keçirib.

S.Mustafayev deyib ki, KİVDF-nin restoranlarda təşkil etdiyi tədbirlər üçün siyahıların hazırlanmasında V.Səfərli ilə birlikdə iştirak edib: “Siyahılarda 250 nəfərə qədər qonaq olurdu. Tədbirdə jurnalistlər də olurdu. Siyahıda onların adı olmurdu, lakin tədbirə gəlirdi. Heç kimi də oradan geri qaytarmaq olmurdu.

Fondun rəhbəri Vüqar Səfərli idi. Lakin bilavasitə rəhbərliyi Əli Həsənov həyata keçirirdi. Fondda həm də Müşahidə Şurası var idi. Müşahidə Şurasının iclaslarında məsələlər əvvəlcədən razılaşdırılırdı. Sadəcə məsələlər iclasda müzakirəyə çıxarılırdı, qəbul edilirdi. 2017-ci ilə qədər Fondda tender komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq, 5 nəfər tərkib üzvü seçildi. Onlardan biri də mən oldum.

Amma düzünü deyim ki, tenderlərlə bağlı iclaslar keçirilsə də, orada təkliflərlə bağlı zərflərə baxılmayıb. Lakin ümumi danışılıb”.

Proses noyabrın 25-nə təyin olunub.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...